6 Oktyabr 2021 13:12
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə mərhum Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva ifadə verib.

Şahid istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiqləyib. O bildirib ki, bu qətl bütün ailəni darmadağın edib: “Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.

Daha sonra ifadə verən mərhumun dostu Səməd Novruzov bildirib ki, 2001-ci il mayın 31-də, gecə saatlarında Elçin Əliyevin öldürülməsi xəbərini alıb: "Gecə ilə Elçingilin burdakı evinə getdik. Hadisə haqqında məlumatımız yox idi. Mən və Nazim İbrahimov səhər cənazəni gətirmək üçün yola düşdük. Həmin günü Kiyevə reys yox idi. Bu səbəbdən biz Moskvaya, oradan Kiyevə uçduq. Hava limanından bizi səfirliyin nümayəndəsi qarşıladı və otelə yerləşdirdi. Səhəri gün morqa getdim, Elçinin cənazəsini götürərək hava limanındab yola saldım".

Səməd Novruzovun ifadəsinə görə, morqda olanda Elçin Əliyevin tanışları ora yığışıb: "Ukraynada hərbçi olmuş, Elçinlə dostluq etmiş Mixail Qriqoryeviç mənə yaxınlaşdı. Mən hadisənin kim tərəfindən törədildiyi soruşdum. Sadəcə dedi ki, hadisəni sizinkilər edib. Biz səfirliyə gəldik. Həmin vaxt səfirlikdə dostlar-tanışlar yığışmışdı. Həmin vaxt Tələt adlı diaspor nümayəndəsi var idi.

Söhbət zamanı bildirdilər ki, hadisə olan günü Elçin və dostu Abşeron restoranında yeyib-içiblər, sonra səfirliyə gəliblər. Buradan isə skripkaya qulaq asmaq üçün səfirliyin yaxınlığından yerləşən kafeyə gediblər. Orada Azərbaycandan kursa gələn iki hərbçi ilə mübahisələri düşüb və Elçin ölüb.

Həmin vaxt Elçinin yanında dostu Məzahir Şıxaliyev olub. Onu da həmin vaxt həbs ediblər. Bu söhbətlər olan zaman Nazim İbrahimov da səfirlikdə mənimlə birlikdə idi”.

Səməd Novruzovun bildirdiyinə görə, hadisəni Rövşən Əkbərov tərəfindən törədildiyi deyiblər: “O vaxta qədər mən Rövşən Əkbərovu tanımamışam. Səfirlikdə bu söhbətlər zamanı Bakıdan mənə zəng gəldi. Mən otaqdan çıxaraq zəng edənlərə hadisəni Rövşən Əkbərov tərəfindən törədildiyini dedim".

Növbəti proses oktyabrın 13-də davam edəcək.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov