21 Dekabr 2021 14:21
13 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 1994-cü il təvəllüdlü Rahib qısqanclıq zəminində həyat yoldaşı Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il iyunun 17-də baş verib. Rahib həmin gün saat 6 radələrində Bərdə rayonu Hacallı kəndi ərazisində yerləşən evdə mübahisə zamanı rəsmi nikahda olduğu Lətifəni ağacla döyüb, ona müxtəlif xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Lətifədən ayrılıblar: “Lakin hazırda hələ də rəsmən həyat yoldaşımdır. Mənim Lətifə ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. O məni uşaqlıqdan tanıyır”.

“Cinsi əlaqədə ola bilməyəcəyini dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin yanvarında Lətifəgilə valideynlərini elçi yollayıb: “Lətifəni məni vermədilər. O məni sevməsi barədə xəbər yolladı. Yenidən Lətifəyə elçi düşdüm. Bu dəfə onunla ailə qurmağıma razılıq verdilər”.

Rahib qeyd edib ki, həmin il iyunun 5-də ailələr arasında üzüktaxma mərasimi olub: “Tez-tez nişanlı zamanı Lətifə ilə qısqanclıq zəminində mübahisələrimiz oldu. 2021-ci il iyunun 13-də mənim yaşadığım evdə ailələrimiz arasında razılıqla məclis keçirildi. Lətifə mənim yaşadığım evə köçdü. Həmin günün gecəsi o, mənə menstruasiya dövrünün olduğunu dedi, bu səbəbdən cinsi əlaqədə ola bilməyəcəyini söylədi. Həmin gün cinsi əlaqədə olmadıq”.

“Bibisi oğlu ilə cinsi əlaqədə olmasını dedi”

Təqsirləndirilən şəxs deyib ki, iyunun 17-də saat 6 radələrində Lətifənin menstruasiyası bitdikdən sonra onunla könüllü cinsi əlaqədə olub: “Bu zaman Lətifənin bakirə olmadığı aşkarlandı. Bunun səbəbini Lətifədən soruşdum, qız uşağı olmadığını ata-anama deyəcəyimi bildirdim. O, uşaq vaxtı bibisi oğlu Vəli ilə cinsi əlaqədə olduğunu söylədi.

Lətifənin dediklərini anama danışdım, sonra geri qayıtdım. Yataq otağında onu görmədim. Dərhal küçəyə çıxdım. “VAZ 21099” markalı avtomobilimə əyləşdım və Lətifənin yanına getdim. Ona avtomobilə oturmağı, məsələni heç kimin bilməyəcəyini, öz aramızda söhbəti bağlamağı təklif etdim.

Lətifə könüllü avtomobilə əyləşdi və yaşadığım evə qayıtdıq. Anam-atam onunla söhbət etdi. Lətifə onlara da məndən qabaq Vəli ilə cinsi əlaqədə olduğunu dedi”.

“Atanın ayağından öp, it damında yaşa...”

Rahib bildirib ki, bundan sonra yataq otağına keçmiş qayınanası Validə və onun bir neçə qadın qohumu gəlib: “Lətifə məndən qabaq Vəli ilə cinsi əlaqədə olduğunu, iki dəfə məktəbdə münasibətə girdiyini söylədi. Anası Validə əli ilə onun ağzından vurdu. Bundan sonra Lətifə anası, sonradan gələn atası Eldarla getməyə hazırlaşdı. Bu zaman Validə Lətifəyə atasının ayağından öpməyi, it damında yaşamağı, yalnız bu halda bəlkə atasının onun bağışlaya biləcəyini dedi. Bundan sonra Lətifəni evdən apardılar”.

Həmçinin təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Lətifəni ağacla vurmayıb: “Lətifə könüllü olaraq Vəli ilə cinsi əlaqədə olduğunu etiraf etdi, mən onun dediklərini mobil telefona çəkmədim”.

“Aramızda mübahisələr oldu”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətifənin sözlərinə görə, 2019-cu ilin sentyabrından Rahibin valideynləri ona elçi düşüblər: “Ailəmizdə məsləhətləşmədən sonra könüllü olaraq Rahiblə ailə qurmağa razılıq verdim.

5 iyun 2020-ci ildə mənim və Rahibin ailələri arasında yaşadığım evdə nişan mərasimi keçirildi. Nişanlı vaxtlarında Rahibin məni qısqanması zəminində aramızda çoxlu mübahisələr oldu. Rahib mənə vaxtımın çox hissəsini evdə oturmağı tapşırdı”.

“Məni vurarkən əlindəki ağac ortadan qırıldı”

Lətifə qeyd edib ki, 13 iyun 2021-ci ildə ailələri içərisində həyətdə məclis qurulub və Rahibə ərə gedib: “Axşam Rahibgilin evinə köçdüm. Lakin həmin gün menstruasiyalı olduğum üçün Rahiblə cinsi əlaqədə olmadım. İyunun 17-də saat 6 radələrində Rahibgilin evinin yataq otağında onunla cinsi əlaqədə oldum. Rahib məndən hansı səbəbdən qan gəlmədiyini soruşdu. Rahibə heç kəslə cinsi əlaqədə olmadığımı.

Rahib otaqdan çıxdı. Otağımı yığışdırarkən o, əlində ağac içəri girdi və məni vurmağa başladı. Ağacla bədənimin döş, sol qol, kürək, bud və digər hissələrindən vuraraq mənim əvvəl kiminlə cinsi əlaqədə olmağımı soruşdu. Mən yenə kiminləsə cinsi əlaqədə olmadığımı dedim. Rahib məni vurarkən əlindəki ağac ortadan qırıldı”.

“Məni mobil telefona çəkərək cinsi əlaqədə olmağımı deməyimi istədi”

Lətifə qeyd edib ki, bundan sonra Rahib otaqda dəmirdən olan ləpə qabını qırıb: “Qabın şüşə hissəsini götürdü, boğazıma dirəyərək kiminlə cinsi əlaqədə olduğumu soruşdu. Qorxumdan bibim oğlu Vəli ilə uşaq vaxtı oynadığımı edim. Bundan sonra Rahib otaqdan çıxdı. Bir müddət sonra atası və anası ilə otağa qayıtdı. Otağa gətirdiyi yaylığı başıma bağladı və məni mobil telefona çəkərkən Vəli ilə cinsi əlaqədə olmağımı deməyimi istədi. Mən də qorxaraq Vəli ilə cinsi əlaqədə olduğumu dedim”.

Lətifə bildirib ki, bu zaman Rahib onun dediklərini bəyənməyib, çəkilişi saxlayıb: “Yenidən məni hədələdi, Vəli ilə cinsi əlaqədə olmağımı təkrar deməyimi dedi, çəkdi. Rahib və ailəsi otaqdan çıxdıqdan sonra pəncərədən tullandım, qaçaraq evdən çıxdım. Evimizə gedərkən Rahib xatırlamadığım avtomobillə arxamca gəldi, məni avtomobilinə əyləşdirdi, öz evlərinə apardı. Ona öz evimizə getmək istədiyimi dedim. Amma avtomobili saxlamadı. Mən isə avtomobilin qapısını açıb özümü avtomobildən çölə atdım. Bundan sonra Rahib və anası yanma gəldi, məni evlərinə apardılar”.

Lətifənin sözlərinə görə, evə qayıtdıqdan sonra onun anası və atası çağırıblar: “Bir müddət sonra anam gəldi. Evdə yataq otağında Rahib, Rahibin anası və atası, qardaşı, mənim anam bir yerdə oturdular. Rahib qolumdan tutdu, mənim Vəli ilə cinsi əlaqədə olmağımı deməyimi istədi. Nənəm də ora gəldi. Anama mənim qız olmadığımı dedilər. Bundan sonra evimizə qayıtdım”.

Zərərçəkmiş qeyd edib ki, həmin günün səhəri polis şöbəsinə gəlib və baş vermiş hadisə ilə bağlı şikayət edib.

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Rahib aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Hökmdə qeyd olunub ki, Rahib cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır.

Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilib.


Müəllif: Hacı Zeynalov