Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Ramal ailə münaqişəsi zəminində arvadı Mərcana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 23-də baş verib. Ramal arvadı Mərcanla mübahisə edib, döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Ramal elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mərcan ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub: “Birgə nikahımızdan 2009-cu il təvəllüdlü Məlahət və 2012-ci il təvəllüdlü Əli dünyaya gəldi. Evliliyimizin ilk vaxtları münasibətlərimiz normal olub. Mərcan dırnaq qaynağı ustası olduğundan aramızda narazılıq onun işi ilə bağlı yaranıb”.
Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 23-də saat 18 radələrində işdən evə gəlib: “Mərcandan harasa gedib-getmədiyini soruşdum. Dedi ki, evə müştəri gələcək. Qayıtdım ki, işdən yorğun gəlmişəm, qonaq otağında dincəlirəm. Tələb etdim ki, gələcək müştərinin dırnağını yataq otağında düzəltsin. Mərcan isə əksinə, müştərini qonaq otağında qəbul edəcəyini bildirdi.
Həmçinin mənə kəskin cavab qaytardığından, kobud danışdığından evimizin qonaq otağında aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək onun sifət nahiyəsinə, başına yumruqla zərbələr vurdum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra əsəbi soyuduğu üçü Mərcandan əl çəkib və evdən çıxıb: “Hava almaq üçün həyətə düşdüm. Sentyabrın 24-də Mərcan yenə mənə məlumat vermədən dırnaq düzəltmək üçün qonşuya getdiyindən əsəblərimi sakitləşdirmək, bir daha Mərcanla dava-dalaş etməmək üçün onu və uşaqları apararaq anasıgilə qoydum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mərcanın sözlərinə görə, son iki ildir ərinin ona olan münasibəti dəyişdiyindən aralarında ailə münaqişələri yaşanıb: “Bir neçə dəfə Ramal məni evdən qovdu. Lakin uşaqlarını xatirinə barışdıq. Xadimə işləməklə yanaşı evdə fərdi qaydada dırnaq ustası kimi də fəaliyyət göstərirəm”.
Zərərçəkmiş şəxs deyib ki, sentyabrın 23-də, saat 18 radələrində Ramal əsəbi halda evə gəlib: “Aramızda mübahisə oldu. Ramal əsəbiləşərək üstümə hücum çəkdi, yumruqla başıma, sifət nahiyəmə, ayağıma bir neçə zərbə vurdu. Halımın yaxşı olmadığını gördü, məni daha vurmadı və sakitləşərək evdən getdi. Gecəni evdə qaldım”.
Zərərçəkmiş bildirib ki, sentyabrın 24-də Ramal ondan israrla evdən getməyi tələb edib: “Məni evdən qovdu. Uşaqlarımla birlikdə axşam Sumqayıt şəhərində yaşayan qayınanamgilə getdim. Orada olduğum zaman anam baş verən hadisə barədə xəbər tutdu və dayıma məlumat verdi. Dayım da sentyabrın 25-də Daxili İşlət Nazirliyinin 102 xidmətinə zəng vuraraq mənim ərim tərəfindən döyülməyim barədə məlumat verdi”.
Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Ramalın barəsində Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.