17 Fevral 2022 15:40
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Sahib İbrahimov 6 il 9 ay azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, “STS” və “Sahil-D Kompani” tikinti şirkətlərinin rəhbəri olan Sahib İbrahimov “Yelobank”dan götürülmüş krediti qaytarmamağa görə dələduzluqda təqsirli sayılıb.

Ona həm də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Yaşar Mahmudova qarşı dələduzluğa görə də ittiham verilib.

Lakin Mahmudovla bağlı epizod üzrə İbrahimova bəraət verilib.

İttihama görə, Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, ”Sahil-D Kompani” MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə “STS” şirkəti və “Sahil-D Kompani” MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci ildə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Sahib İbrahimov Disaportla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Cinayət işi üzrə zərərçəkmiş qismində Yaşar Mahmudov, Həsən İsmayılov və "Yelo Bank" ASC qismində tanınıb


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər