8 Sentyabr 2022 14:53
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 2002-ci il təvəllüdlü Sara qardaşının keçmiş arvadı Zülfiyyəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyin”də baş verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sara ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Zülfiyyə onun qardaşı Sədinin keçmiş həyat yoldaşıdır: “2013-cü ildə onlar ailə qurublar. Birgə nikahdan üç övladları olub. 2020-ci ildə rəsmən boşanıblar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Mehdiabad qəsəbəsi "Gənclər şəhərciyi"ndə yaşadığı evdə olan zaman qardaşı Sədi ilə Zülfiyyə və onun qardaşı Səmədin mübahisə etdiklərini eşidib: “Bu səbəbdən dərhal binanın həyətinə düşdüm. Onların qardaşımı döydüklərini fikirləşərək əsəbləşdim. Zülfiyyənin sifət nahiyəsinə əlimlə vurdum, zərbənin təsirindən yerə yıxıldı. Bir qədər sonra isə ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”.

Sara deyib ki, münaqişə zamanı Zülfiyyəni yalnız özü vurub: “Qohumlarımız sonradan gələrək bizi sakitləşdirməyə çalışdılar. Mübahisə zamanı Səmədin mobil telefonu oğurlanmayıb. Mübahisədən sonra telefon yerdən tapılıb. Mübahisə vaxtı Zülfiyyənin qardaşı Səmədin Sədini döydüyünü və balta ilə hədələdiyini görməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zülfiyyənin sözlərinə görə, Sədi ilə rəsmən nikahları pozulub, ayrı-ayrılıqda yaşayırlar: “Məhkəmə övladların azyaşlı olmasını nəzərə alaraq mənimlə qalması barədə qətnamə qəbul etdi. Buna baxmayaraq övladlarımdan ikisini razılığım olmadan Sədi özü ilə saxladı. Buna görə də aramızda alimentlə bağlı münaqişələr yarandı”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü təxminən saat 15.00-da Sədi aliment borcunu ödəyə bilmədiyi üçün onu aldadıb, övladlarını ona gətirmək adı ilə yaşadığı binanın qarşısına çağırıb: “Binanın həyətinə düşdükdən sonra Sədi məndən alimentlə bağlı şikayət etməməyimi tələb etdi. Aramızda mübahisə yarandı. Qardaşım Səməd bizə yaxınlaşdı, hər ikimizi sakitləşdirməyə çalışdı.

Sədinin bacısı Sara yumruqla alın nahiyəmə bir neçə zərbə vurdu, yerə yıxıldım və huşumu itirdim”.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Sara 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər