13 Sentyabr 2022 21:36
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş iş adamı Elşən Mədətov çıxış edib.

O, çıxışına belə başlayıb: “İndiki zamanda iki cür kişi var. Kişi var ki, pulunu verib, abrını qoruyur, kişi də var ki, abrını buraxıb, pulunu qoruyur. Biz qanunsuz həbs olunanda abrımız qoruduq, bunlar tələb etdikləri pulu min bir əziyyətlə olsa da, tapıb verdik. Bunlar isə pulları qorumaq üçün abırlarını verir”.

Daha sonra Elşən Mədətov MTN-də başına gələnləri belə danışıb: “Məni prezident seçkiləri dövründə MTN-ə çağırdılar. O zaman mən Dairə Seçki Komissiyalarından birinin sədri idim. Məni MTN-nə çağıran Vüsal Ələkbərova bunu deyəndə o, tez-tələsik Mövlam Şıxəliyevin yanına getdi. Sonra gələrək dedi ki, get seçkini yola ver, səni çağıracağıq. Seçki qurtardı, məni çağırdılar. Mövlam Şıxəliyev Vüsal Ələkbərov vasitəsi ilə məndən 300 min dollar istədi və sonda 200 min dollar aldı. Sonradan bilmişdilər ki, mən zavod sahibiyəm, yenidən çağırdılar. Məndən əlavə 100 min dolar da tələb etdi, 50 min dollar aldılar. Aldıqları pullardan nə bunlar xeyir tapıb, nə də övladları xeyir görəcəklər. İndi gəlib düşüblər məhkəməyə. Bizim ziyanımızı ödəsinlər”.

Digər zərərçəkmiş Namil Rzayev deyib ki, ondan pulu şəxsən Mövlam Şıxəliyev alıb: “Burada deyirlər ki, Mövlam Şıxəliyev heç kimdən pul almayıb. Mən də deyirəm ki, Mövlam Şıxəliyev şəxsən məni həbslə təhdid edib, pul istəyib. Mən də məcbur olub şəhərin mərkəzindəki evimi satdım və Mövlam Şıxəliyev tələb etdiyi pulu aparıb ona verdim. Məndən qabaq zərərçəkən dedi ki, abrımı qoruyub pulu verdim. Mən də eynən abrımı qorumaq üçün Mövlamın tələb etdiyi pulu verdim. Bunlarda abır-həya deyilən şey yoxdur”.

Zərərçəkən ona vurulmuş ziyanın ödənilməsini tələb edib: “Mənə vurduqları zərəri ödəsinlər. Mən öz halal pulumun geri qaytarılmasını tələb edirəm”.

“Moskva” Univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olan, iş üzrə zərərçəkən Ələddin Əliyev deyib ki, onu MTN-nə apararaq 1 gün sənəd-sübutsuz orada saxlayıblar: “Məni MTN-nə Yasin Məmmədov aparmışdı. Hədələyirdi, həbsə alacaqları ilə qorxudurdu. 500 min dollar pul tələb edirdi. Sonda 123 min dollar aldı və məndən əl çəkdilər. Mənim heç bir cinayətim yox idi. Mənim ziyanımı ödəsinlər”.

Zərərçəkən üzünü hakimə tutaraq işin yarımçıq araşdırıldığını bildirib və cinayət işinin geri qaytarılması haqda vəsatətlə çıxış edib: “Mənim heç bir cinayətim olmaya-olmaya MTN-ə aparıblar, orada qanunsuz saxlayıblar. Məcbur ediblər ki, 123 min dollar pul ödəyim. İstintaq isə bunu elə qələmə verir ki, guya mən həmin pulu bunlara cinayətimi ört-basdır etmək üçün vermişəm. Ona görə də mənim epizodum üzrə bunlara rüşvət alma maddəsi ilə ittiham verilib. Mən rüşvət verməmişəm axı! Məni hədələyiblər ki, bu qədər pul ver, verməsən həbsə göndərəcəyik. Mən də gördüm ki, pulu verməsəm, bunlar Allahsız adamlardır, məni cinayətim olmaya-olmaya həbsə göndərəcəklər, məcbur olub onlara tələb etdikləri pulu verdim. Verməsəydim, həbsə alacaqdılar, məni məhkum edəcəkdilər. Bunların kəsdiyi başa sorğu-sual yox idi. Bunu hamı bilirdi. Özləri də açıq-aşkar deyirdilər. Yasin Məmmədov deyirdi ki, tələb etdiyimiz pulu verməsən, səni içəridə çürüdəcəyik. Mən də vermişəm. Mən bu adamların hədələrinin real olduğunu görmüşəm və pulu vermişəm. Xahiş edirəm, cinayət işini istintaqa qaytarın, yenidən düzgün araşdırma aparılsın və bunların əməlinə düzgün qiymət verilsin”.

Hakim isə zərərçəkənə, təqsirləndirilən şəxslərə dövlət ittihamçısının tələb etdiyi cəza ilə bağlı fikirlərini bildirməsini istəyib.

Ələddin Əliyev isə deyib ki, o, indiki mərhələdə cəza ilə bağlı fikir bildirmək istəmir: “Hörmətli hakim, mən cinayət işinin geri qaytarılmasını və yenidən obyektiv araşdırma aparılmasını tələb edirəm. Xahiş edirəm ki, mənə qarşı cinayət törədən təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif olunsun”.

Hakim Elbəy Allahverdiyev zərərçəkənin tələbini cavabsız buraxıb və çıxış üçün sözü iş üzrə zərərçəkənin hüquqi varisi Arif Məmmədova verib. Arif Məmmədov deyib: “Mənə dəyən ziyan zərərçəkənlərin heç birinə dəyməyib. Mənim pulumu qaytarsalar da, qardaşım Cahangiri qaytara bilməzlər. Bunların qardaşıma qarşı cinayətlərinə görə o, özünü öldürdü. Bu gün də qardaşımın ailəsi çöldədir, evsiz-eşiksizdirlər. Xahiş edirəm ki, qardaşımın övladlarına ev alıb verilsin”.

Hakim onun diqqətinə çatdırıb ki, məhkəmə ittiham çərçivəsində işə baxır, kiməsə ev alaraq vermək məhkəmənin səlahiyyətində deyil.

Bundan sonra çıxış üçün söz Mövlam Şıxəliyevin vəkillərindən biri olan Arzu Cavadova verilib.

Vəkil iş üzrə epizodları sadalamaqla istintaqın qeyri-obyektiv aparıldığını məhkəmənin diqqətinə çatdırıb: “Cinayət işi Mövlam Şıxəliyevə yalan-doğru ittiham verilməsi üçün aparılıb. Məhkəmə istintaqı zamanı da zərərçəkənlərin heç biri də deyə bilmədi ki, Mövlam Şıxəliyevə pul verib. Mövlam Şıxəliyev istintaq idarəsində ancaq nəzarət-inzibati işlərə baxıb. O, prosessual şəxs olmayıb. MTN-in İstintaq Baş İdarəsində aparılan cinayət işləri üzrə istintaqa Baş Prokurorluğun MTN-də istintaqa nəzarət edən idarəsi baxır. Həmin idarənin prokurorları daimi cinayət işlərinin başlanıb-başlanmamasından tutmuş ittiham aktının tərtib edilməsinə qədər bütün prosessual hərəkətlərə nəzarət ediblər. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təqdimatı əsasında həbs qəti-imkan tədbirləri seçilib, əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə tövsif olunub. Bu göstərişlər Mövlam Şıxəliyevə verilib və həmin göstərişlərin icrasına o, nəzarət edib. Pul alınıb, alınmayıb, kimin tərəfindən alınıb, kimə verilib istintaq tərəfindən dəqiq araşdırılmayıb və məhkəmə tam sübuta yetirilib ki, alınan pullardan Mövlam Şıxəliyevə heç kim, heç nə verməyib”.

Vəkil çıxışının sonunda Mövlam Şıxəliyevə bəraət verilməsini məhkəmədən xahiş edib.

Bundan sonra təqsirləndirilən Vüsal Ələkbərovun vəkili çıxış edib. Vəkil bildirib ki, müvəkkilinə 3 epizod üzrə ittiham verilib: “Vüsal Ələkbərova ittiham elan olunmuş maddələr üzrə ona 2017-ci ildə cəza təyin olunub. Ali Məhkəmə həmin cəzanı 12 ildən 5 ilə endirib və şərti hesab etməklə Vüsal Ələkbərov azadlığa buraxılıb. O zaman bu epizodlar üzrə ittiham verilsəydi, bu gün o, eyni ittihamlarla məhkəmə qarşısında olmazdı”.

Vəkil bildirib ki, müvəkilli barəsində dövlət ittihamçısının tələb etdiyi cəzadan əvvəlki hökmlə çıxırılmış cəza çıxılmalıdır. Fikirini belə əsaslandırıb ki, həmin hökm üzrə müvəkkili cəzasını çəkmiş hesab olunur. Vəkil Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkilin çıxışından sonra söz alan dövlət ittihamçısı təqsirləndirilən Vüsal Ələkbərovla bağlı hissədə əvvəlki çıxışına düzəliş etmək istədiyini açıqlaıb. O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısının təqsirləndirilənə 15 il cəza tələbi məhkəmə zalında iştirak edən zərərçəkənlərin alqışına səbəb olub. Onlar əl çalmaqla dövlət ittihamçısını dəstəklədiklərini nümayiş etdiriblər. Məhkəmə zalında baş verənlərə Vüsal Ələkbərov heç bir reaksiya verməyib.

Dövlət ittihamçısı çıxışının davamında Vüsal Ələkbərova tələb etdiyi 15 illik cəzadan onun barəsindəki əvvəlki hökm üzrə çəkdiyi 5 illik şərti cəzanın nəzərə alınmasını istəyib. Yekun cəza təyinini məhkəmənin səlahiyyətinə buraxıb.

Təqsirləndirilən Sahib Ələkbərovun vəkili Ələkbər Quliyev müvəkkilinin günahsız olduğunu iddia edib: “Sahib Ələkbərov kimdir ki, özbaşına kimisə tutsun, kimisə buraxsın. Sahib Ələkbərovun heş bir günahı yoxdur. Prokurorluq tərəfindən onun əməli rüşvət alma maddəsi ilə tövsif olunub. Tutaq ki, ittiham əsaslıdır. Bu halda da həmin maddə üzrə cəlbetmə müddəti bitib. Onun barəsində cinayət təqibinə xitam verilməlidir”.

Təqsirləndirilən Yasin Məmmədovun vəkili də müvəkkilinin günahsız olduğunu deyib. O, bildirib ki, müvəkkilinə saxta ekspertiza rəylərinin verilməsi üzrə ittiham verilib. Lakin həmin ekspertiza rəyləri də qüvvəsindədir, həmin rəylər dəyişdirilməyib, ləğv edilməyib. Bu halda həmin rəylərlə bağlı Yasin Məmmədova ittihamın verilməsi əsassızdır.

Vəkil müvəkkilinin bir qüsürünün olduğunu da məhkəmənin diqqətinə çatdırıb: “Burada zərərçəkənlər dedilər ki, guya Yasin Məmmədov sağ əlinin baş barmağı ilə 1 göstərməklə 1 milyon tələb edib. Yasin Məmmədovun həmin barmağı şikəstdir, açılmır. Yasin Məmmədov istəsə belə, həmin barmağı ilə 1 göstərə bilməz”.

Vəkil bu məqama istinad edib zərərçəkənlərin məhkəmədə dediklərini həqiqət olmadığını hakimin diqətinə çatdırıb. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Bundan sonra zərərçəkən Hüseyn Səfərov replika hüququndan istifadə edib: “10 ay məhkəmə getdi və biz dəfələrlə azadlıqda olan təqsirləndirilən şəxslər barəsində həbs qəti-imkan tədbirinin seçilməsini tələb etdik. Lakin vəsatətlərimiz təmin olunmadı. Bu günlərdə Azərbaycanda tanınan vəkil Elçin Sadıqovu həbs ediblər. Halbuki vəkilin əməli ilə bunların əməli arasında yer-göy arasında fərq var. Bu adamlar bizlərə qarşı ağır cinayət törədə-törədə ortalıqda gəzirlər, həbs olunmurlar. Niyə? Bu adamları kim himayə edir? Bu adamlar həbs olunmalıdır. Vaxtında bunları həbs etsəydilər, bu gün zərərçəkənlərin zərəri ödənmişdi”.

Zərərçəkən Zaur Əliyev də replika hüququndan istifadə edib. O, bilidirib ki, təqsirləndirilən şəxslərin vəkillərinin çıxışında göstərdikləri xüsusatlarla tam olmasa da, razıdır: “Bizlərin barəsində qondarma ittihamlar üzrə hökmlər ləğv olunmayıb. Belə bir halda bu adamlara necə ittiham verilib? Saxta məhkəmə tibb ekspertizası rəyləri də ləğv olunmayıb. Belə bir halda ittiham verilib. Ona görə də vəkillər bu gün ittihamı rahat şəkildə şübhə altına alırlar. Bu çox ciddi prosessual məsələlərdir ki, ibtidai istintaq zamanı nəzərə alınmayıb. Belə bir vəziyyətdə iş üzrə hökmün çıxarılması qanunsuz və əsassız olacaq. Mən və zərərçəkənlər dəfələrlə vəsatət verdik ki, təqsirləndirilənlərin əməlləri düzgün tövsif edilsin, rüşvət maddəsi hədə-qorxu ilə tələb etmə maddəsi ilə əvəz olunsun. Lakin bu haqda çoxsaylı vəsatətlərimiz baxılmamış saxlanılıb. Xahiş edirəm ki, bu haqda vəsatətimiz baxılsın və hüquqi qiymət verilsin”.

Bundan sonra hakim digər təqsirləndirilən şəxslərə çıxış üçün söz verib. Lakin onlar çıxışa hazır olmadıqlarını bildirdilər və çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istəyiblər.

Hakim təqsirləndirilənlərə çıxışa hazırlaşmaq üçün 2 gün vaxt verib.

Növbəti proses sentyabrın 15-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər