20 Sentyabr 2022 09:37
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Məhkəməsinin hakimi olmuş İlyas Mahmudovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, bununla əlaqədar bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhər müəyyən edilib.

“Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1993 – 1998-ci illərdə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, qanunçuluğun sistemləşdirilməsi və tətbiqi şöbəsində məsləhətçi, 1998 – 2001-ci illərdə Ali Məhkəmənin Plenumu və Rəyasət Heyətinin Katibliyində baş məsləhətçi, 2001 – 2006-cı illərdə Ali Məhkəmənin Qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2006 – 2007-cı illərdə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri, 2007 – 2008-ci illərdə isə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini olub.

2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi idi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər