Bakı Apelyasiya Məhkəməsində azərbaycanlı qızı şantaj etməkdə ittiham olunan iranlı Shahi Cafarlou Davodun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakının Sabunçu rayonu ərazisində yaşayan İran vətəndaşı Shahi Cafarlou Davod Sabunçu qəsəbə sakini Vüsalə Baxşıyeva ilə intim əlaqədə olub. O, qızla intim əlaqədə olarkən videoya çəkib.
Bundan sonra o, həmin görüntüləri internetdə nümayiş etdirəcəyi və barəsində rüsvayedici məlumatları yayacağı ilə qızı hədələyib. O, bunu etməməsi müqabilində qızın mənzilini, eləcə də, “Hyundai Tucson” markalı avtomaşınını ona verməsini tələb edib.
Vüsalə Baxşıyeva iranlı tərəfindən hədə-qorxu yolu ilə əmlakının tələb edilməsindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə şikayət edib. Onun şikayəti əsasında Cafarlou Davod idarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cafarlou Davod apelyasiya şikayəti verib. O, günahsız olmasını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Cafarlou Davodun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov