Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə Tovuz rayon məhkəmə-tibb eksperti Nurlan Abbasov şahid qismində ifadə verib.
Şahid bildirib ki, 2020-ci il yanvarın 6-da Nərminin yanmış meyitinin müayinəsilə bağlı rəyə imza atmış ekspertlərdən biridir. O, İlkin Süleymanovun vəkillərinin suallarının bir çoxuna “cavab verə bilmirəm”, “xatırlamıram”, hətta bəzən “cavab verməkdən imtina edirəm” kimi cavablarla kifayətlənib.
Ekspertlər bu meyitlə bağlı “bir momentli yanma” rəyi verib. Yəni meyit bir dəfə yandırılıb. Lakin müdafiə tərəfi araşdırmalardan sonra belə nəticəyə gəlib ki, meyit əvvəlcə başqa yerdə yandırılıb. Daha sonra onun əyninə paltar geyindirilib. İkinci dəfə isə İlkin Süleymanovun özünün yaşadığı evin yaxınlığında yandırılıb.
Vəkillər hesab edir ki, onların bu nəticəyə gəlməsinə əsas verən hallar var. Bunlardan biri hadisə yerindən tapılan paltarlarla bağlıdır. Bədənin elə hissələri var ki, onlar kömürləşmə həddində yanıb, amma paltarların o hissələri tam salamatdır.
Bundan başqa, əvvəlki məhkəmə iclasında dindirilən ekspert Seyfulla İsgəndərovdan vəkillər soruşub ki, 100 qram dizel yanacağı ilə 5 dəqiqə 40 saniyə ərzində meyit kömürləşmə həddində yanıb, bu vəziyyətə düşə bilərdimi? Ekspert bu suala “yox” cavabı verib.
Bu səbəbdən vəkillər ekspert Nurlan Abbasovdan meyitin bir dəfə yandırılması haqda verdiyi rəyi əsaslandırmasını istəyiblər. Nurlan Abbasov isə bu suala cavab verə bilmədiyini deyib.
Vəkillər ondan sintetik paltar yanmadığı halda, bədənin həmin hissəsinin tam yanmasının mümkün olub-olmamasını soruşublar. Nurlan Abbasov “bu, ola bilər” cavabın verib.
Vəkil Zabil Qəhrəmanov ekspertdən İlkin Süleymanovu hardan tanıdığını, əvvəllər görüb-görmədiyini soruşub. Şahid bildirib ki, ilk dəfə polis şöbəsində, daha sonra isə mediada, telekanallarda görüb.
Lakin vəkilin növbəti suallarından sonra ekspert İlkin Süleymanovu polis şöbəsində görməsi haqda az öncə dediyi cavabı dəyişməyə calışıb.
Məlum olub ki, Nurlan Abbasov İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun işgəncəyə məruz qalmaması, üzərində xəsarət izlərinin olmaması haqda rəy verən ekspertlərdən biri olub.
Ekspert rəyində İlkin Süleymanovun ekspertiza şöbəsində müayinədən keçirildiyi yazılıb. Lakin o, vəkilin sualına cavab verərkən özü də fərqində olmadan İlkin Süleymanovu polis şöbəsində gördüyünü deyib.
İlkin Süleymanov bildirib ki, Tovuz rayon polis şöbəsində işgəncələrə məruz qaldıqdan və etiraf ifadəsinə imza atdıqdan sonra ora eksperti gətiriblər.
Həmin vaxt üzərində gözlə görünən çoxsaylı xəsarətlər olub. Lakin ekspert onların heç birini rəydə göstərməyib. Özü də polis şöbəsində saxlandığını nəzərə alaraq, həmin xəsarətləri yıxılma nəticəsində aldığını deyib.
İlkin Süleymanov Nurlan Abbasova bu haqda da sual verib: “Polis şöbəsində saxlanılan şəxsin üstündə gözlə görünən xəsarətlər var, amma onun özü döyülmədiyini deyir. Bu halda, siz o xəsarətləri rəyinizdə qeyd edirsiz, yoxsa yox?”
Ekspert onun sualına “əlbəttə, qeyd edirik” – deyə cavab verib.
İlkin Süleymanovun sözlərinə görə, Nurlan Abbasov onun xəsarətlərini gözüylə görsə də, heç birini qeyd etməyib.
İlkin Süleymanovun Bakı İstintaq Təcridxanasındakı kamera yoldaşları məhkəmədə dindiriləndə də bildiriblər ki, o, təcridxanaya köçürüləndə onun üzərində xeyli xəsarətlər olub. Uzun müddət onun yaralarına dərman sürtüb, onun sağalmasına yardım ediblər.
Növbəti prosesi martın 29-da davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.