18 Aprel 2023 16:57
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Elçin Qəmbərovun zərərçəkmişlə barışması, dəymiş ziyanı ödəməsi səbəbilə cinayət məsuliyyətindən azad edilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azad edilib.

Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili idi, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub.

Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib.

Onun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin oğludur.

Elgün Şıxəliyev atası Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa növ qətimkan tədbiri ilə əvəz olunması üçün Elçin Qəmbərova 500.000 manatdan yuxarı məbləğdə pul verib.

Elçin Qəmbərov Mövlam Şıxəliyevin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün yüksək vəzifəli tanışlarının vasitəsi ilə həll edəcəyinə vəd verib. Amma vədinə əməl etməyib.

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər