Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesin əvvəlində İlknur Əliyevanın vəkili jurnalistlərin zaldan kənarlaşdırılmasını istəyib.
Hakim vəkildən bunun səbəbini soruşub. Vəkil isə “bir səbəb yoxdur” deyə cavab verib. Bu zaman hakim jurnalsitlərin zaldan kənarlaşdırılması üçün bir əsas olmadığını deyib: “Mətbuat müstəqildir, jurnalistlərdə prosesi izləyir, eşitdiklərini yazırlar. Biz isə onların işinə mane olmuruq, öz işlərini görürlər. Ötən həftə də Mətbuat günün idi, Şuşada bayramlarını yüksək səviyyədə qeyd ediblər. Biz də onları təbrik edirik”.
Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Təqsirləndirilən Aytac Əliyeva cinayət işində olan sənədləri elan edib. O bildirib ki, zərərçəkmişlər - Gülnaz Məmmədova, onun qızları Aygün və Zəminənin etibarından sui-istifadə etməyib, onlardan pul almayıb.
Aytac Əliyeva deyib ki, işdə olan səndələrdə Aygünlə olan səsyazları ona yox, bacısı İlknura aid olub. Bildirib ki, müstəntiq həmin səsyazılarını onun adını qeyd edib.
Aytac Əliyevanın sözlərinə görə, işdə olan sənədlərdən də məlum olur ki, zərərçəkmişlər İlknurla iş görməsi barədə söhbətləri olub: “Heç bir yazışmada mənim adım keçmir. Əgər mən işi danışmış olsaydım, o zaman yazışmalarda mənim adım hallanaırdır. Deyərdilər ki, bu pulu Aytaca veririk, onunla iş görürük. Amma həmin yazışmalarda Aygün yazır ki, İlknurla görüşdük, iş qurmaq barədə razılığa gəldik”.
Aytac Əliyeva Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Ceyhun Kərimovun məhkəmədə dindirilməsini tələb edib. Onun sözlərinə görə, işdə olan bəzi qanunsuzluqlarla bağlı müstəntiqin məhkəmədə aydınlıq gətirməsi vacibdir: “Müstəntiqin məhkəməyə çağırılması barədə vəsatətlərimiz təəssüf kimi təmin olunmayıb”.
Növbəti məhkəmə iclası avqustun 1-də davam edəcək.
İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.
İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.
Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.