12 Yanvar 2015 12:45
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elxan Ağalıyevin idarə etdiyi “Daewoo”, Sumqayıt şəhər sakini Əsəd Həmzəyevin idarə etdiyi “Mercedes” və Salyan rayon sakini Saleh Şükürovun idarə etdiyi “Daewoo-Nexia” markalı avtomobillər toqquşub.

S.Şükürov və sərnişinlərindən - Rusiya Federasiyası vətəndaşı Arzu Xəlilova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir ağır yol qəzası Bakının Xəzər rayonunda baş verib. Bakı şəhər sakini Rəşad Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə Zabit Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində R.Nurullayev və sərnişini Elçin Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Z. Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: