Bakının Nəsimi rayonu ərazisində silahlı insident törətməkdə təqsirli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Şahmar İsmayılov 1995-ci ildə anadan olub. Ukraynada ali təhsil alıb. Əvvəllər Naxçıvan Aeroportunda işləyib.
Təqsirləndirilən Vüqar Quliyev 1998-ci il Babək rayonunda anadan olub. Taksi sürücüsü işləyib.
Təqsirləndirilən Məmmədov Şərur rayonunda anadan olub. Əvvəllər məhkum edilib.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və növbəti proseslərdə iştirak etmək istəmədiyini bildirib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 13-də davam edəcək.
Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.