15 Yanvar 2015 16:28
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Elçin Məmmədzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.


İttihama görə, Elçin Məmmədzadə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib. O, Zemfiranın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, 1 ünvandakı fərdi yaşayış evini kreditin təminatı kimi ipoteka ilə bankın xeyrinə yüklü edib.

Qadının əmlakı "Deka Bank" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin "Xəzər" filialına girov qoyulub. Elçin həmin il mayın 8-də bankdan 26 min manat götürərək pulu mənimsəyib.

Elçin Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə külli miqdarda özgənin əmlakını mənimsəmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsiriləndirilən apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəzanın verilməsini xahiş edib.

Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.

"Mağaza götürərək birlikdə şərikli işlətməyi təklif etdi"

Hakim Rasim İsgəndərovun sədrliyi ilə keçən prosesdə Elçin Məmmədzadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 1997-ci ilin yanvar ayında hərbi xidmətdə olanda xəstəliyi ilə əlaqədar hərbi hospitalda müalicə alarkən əslən Kürdəmir rayonundan olan və Xırdalan şəhərində yaşayan Zaur Soltanovla tanış olub: "Onunla aramızda yoldaşlıq münasibətləri yarandı. Hərbi xidmətdən tərxis olunandan sonra hətta ailəvi gediş-gəliş elədik. Məhz belə yaxın münasibətlərə görə Zaurun anası Zemfiranı, bacısı Mətanəti və yeznəsi Nəcəfi tanıdım, eyni zamanda, həmin şəxslər də mənim valideynlərimlə tanış oldular.

Sonra uzun müddət Zaurla heç bir əlaqə saxlamadım. Üç il əvvəl, 2011-ci ilin təxminən əvvəllərində gözləmədiyim halda Zaur mobil telefon nömrəmə zəng vurdu. Biz Sumqayıt şəhərində görüşdük. Zaur Sumqayıt şəhərində icarəyə mağaza götürərək şərikli işlətməyi təklif etdi".

"Mənə faizə pul tapdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu söhbətdən təxminən 5-6 gün sonra Zaur yenə də Sumqayıta - onun işlədiyi mağazaya gələrək kombi quraşdırılması işi ilə məşğul olduğunu, işdən çıxaraq bizneslə məşğul olmaq istədiyini bildirib: "Zaur təkbaşına biznes quraraq öhdəsindən gələ bilməyəcəyini deyərək mənə şərikli işləməyi təklif etdi. Bu təkliflə razılaşdım. Birlikdə Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzinin yaxınlığında aylıq icarə haqqı 1200 manata iki mağaza icarəyə götürərək işlətməyə başladıq. Zaura mağazalara mal almaq üçün imkanımın olmadığını bildirdim. O, münasib faizlə özünün pul tapa biləcəyini dedi. Mal almağa pul tapmağı öhdəsinə götürdüyü üçün Zauru "Sputnik" ticarət mərkəzində icarəyə götürdüyüm iki mağazaya şərik elədim. Təxminən bir il yarım ərzində həmin mağazaları şərikli işlətdik. Bu müddət ərzində Zaur mal alınması üçün ümumilikdə 7000 manat pul verdi".

Elçin Məmmədzadə qeyd edib ki, Zaurun verdiyi pula müxtəlif sənaye malları alaraq satıblar: "Əldə etdiyim gündəlik qazancdan Zaura hər gün təxminən 20-30 manat, şəxsi avtomaşınından istifadə etdiyi üçün isə əlavə 5 manat benzin pulu da vermişəm. Bundan başqa, o, anasının yaşadığı evdən çıxaraq kirayədə qaldığı 7-8 ay ərzində kirayə haqqını ödəmək üçün aylıq 150-160 manatı da mağazadan əldə etdiyimiz qazancdan götürüb.

Zaurun avtomaşını kreditdə olduğundan bir neçə ayın kredit pulu da birgə qazanc hesabına ödənilib. Zaurun haradansa tapıb gətirdiyi, mağazalara qoyduğu ümumilikdə 7000 manata görə faiz pulunu da ödəməsi üçün təxminən 5-6 ay hər ay qazancımızdan ona 700 manat vermişəm.

Habelə icarəyə götürdüyümüz iki mağazaya görə hər birinin ayı 1200 manatdan olmaqla ümumilikdə hər ay 2400 manat icarə haqqı ödəmişik. Bu minvalla 2012-ci ilin may ayının axırlarına kimi olan dövrdə qeyd etdiyim şərtlərlə şərikli işləmişik. Lakin ziyana düşdüyümüzə görə fəaliyyətimizi dayandırmışıq".

"Mağazanı cəmi 4 ay işlədə bildik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Zaurla birlikdə Xırdalan şəhərində "Xırdalan" kafesinin yanında bir aylıq icarə haqqı 400 manata olmaqla, mağaza götürərək şərikli işlətməyə başlayıblar: "Həmin mağazanı da Zaur özü tapdı. Sumqayıtdakı hər iki mağazada olan qalıq malların hamısını götürərək, yarısını Zaurun anasının evinin altında olan mağazaya, yarısını da Xırdalan şəhərində yeni icarəyə götürdüyümüz həmin mağazada satışa çıxarmışıq. Satışa başlamamışdan əvvəl Xırdalan şəhərindəki mağazaya gələn Zaurun anası Zemfira normal işləməyimiz üçün bizə 4000 manat verdi. Lakin həmin mağaza da ziyanla işlədi. Bu səbəbdən mağazanı cəmi 4 ay işlədə bildik".

Elçin Məmmədzadə bildirib ki, növbəti uğursuzluqdan sonra Zaurdan ayrılaraq tək işləməli olub: "Zemfira öz evinin altında olan mağazada yığılan malların bir qismini satdı, bir hissəsini bizə verdi, qalanları isə orada qaldı. Zaurla hesablaşanda məlum oldu ki, işlədiyimiz dövrdə cəmi 17000 manat ziyana düşmüşük. Şərikli işlədiyimizə görə qarşılıqlı razılıq əsasında həmin məbləğin yarısı mənim hesabıma, yarısı isə Zaurun hesabına aid edildi.

Mağazalara qoyulmuş pulları Zaur tapıb versə də, o, mənimlə şərik olana qədər mağazalarda olmuş 9500 manatlıq mal da həmin məbləğlərə hesablandı. Şərikli işlədiyimiz vaxt məlum oldu ki, Zaurun anası Zemfira Soltanovaya məxsus fərdi yaşayış evinin kupçası yoxdur və anası ev üçün sənəd - kupça almaq fikrindədir. Bu işdə Zemfiraya köməyimi təklif etdim və Seyid adlı uzaq bir qohumumun makler kimi fəaliyyət göstərdiyini, onun belə işləri yaxşı bildiyini, evin kupçasını düzəltməsini ondan xahiş edə biləcəyimi dedim.

Zemfira ilə danışandan sonra Seyidə müraciət etdim, o da 3000 manat pul lazım olduğunu bildirdi. Zemfira razılığını bildirsə də, pulu olmadığından kupçaya görə cəmi 1000 manat pul verdi. Bibim oğlu İlqardan 2000 manat borc alaraq həmin pulun üzərinə qoyaraq Zenfiranın yanında Seyidə verdim və Seyid üç ay ərzində kupçanı hazırlatdırdı".

O, qeyd edib ki, sonradan Zemfira Soltanova düşdükləri ümumi ziyanın oğluna aid hissəsini də, yəni 17000 manat pulun hamısını ondan tələb etməyə başlayıb: "Mən Zemfiraya Zaur kimi özümün də ziyana düşdüyümü, ona verməyə pulumun olmadığını dedim. Pul taparaq yenidən işləyib borcumuzu ödəməyi təklif etdim. Həmin məqsədlə Zemfira evini banka girov qoyaraq pul götürmək qərarına gəldi. Zemfiraya bankın faizinin yuxarı olması səbəbindən buna razı olmadığımı bildirsəm də, onlar özləri evlərini banka girov qoyaraq pul götürdülər.

Zemfira Soltanova və oğlu Zaur kredit müqaviləsini bağlayaraq "Deka Bank"ın "Xəzər" filialına getdilər. Həmin vaxt mən də onların yanında olmuşam. Zemfiranın həmin gün bankdan ümumilikdə nə qədər pul götürdüyünü bilməmişəm".

Zərərçəkmiş və şahid ifadələrini dinləyən hakim heyəti qərar açıqlayıb. Elçin Məmmədzadənin apelyasiya şikayəti təmin edilib və onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Məhkəmə Elçin Məmmədzadənin barəsində 3 il sınaq müddəti olmaqla cəzasını şərti hesab edib.

Onun barəsində olan həbs qəti imkan tədbiri ləğv edilib və dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər