25 Noyabr 2023 14:01
3 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda 2004-cü il təvəllüdlü Sabir münaqişə zamanı tanışı Ayaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sabir 1 oktyabr 2021-ci ildə saat 15.30-da 64 saylı tam orta məktəbin həyətində 2005-ci il təvəllüdlü Ayaza oxuduğu 272 saylı orta məktəbdə tanışı olan qıza sataşmasını, onun arxasınca danışmasını irad bildirib.

Mübahisə zamanı Sabir üzərində gəzdirdiyi bıçaqla Ayazın qarın nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Sabirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2011-ci Xətai rayonu 17 nömrəli tam orta məktəbə gedib, 9-cu sinifdən həmin məktəbdən çıxıb və Nizami rayonu 272 saylı tam orta məktəbə təhsilini davam etdirib:

“2021-ci ildə həmin məktəbi bitirmişəm, heç yerdə işləməmişəm. Atamla anam 2012-ci ildə ayrılıb. Mən bacımla bir yerdə anamın yanında yaşayırıq. Zərərçəkmiş Ayazı əvvəllər yaşadığım məhəllədən tanımışam. O, mənim əvvəl yaşadığım məhəllədə qalırdı. Özünü məhəllədə və parkda düzgün aparmırdı. Hətta içlərində tanışım olan qızlara da söz atırdı. Həmçinin mənim arxamca nalayiq sözlər də danışırdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 1-də saat 15 radələrində Nizami rayon ərazisində yerləşən 272 saylı orta məktəbin qabaq çıxışının yaxınlığında Ayazla qarşılaşıb: “Ayazla dərdləşmək üçün bir az gəzməyi təklif etdim. O da problem olmadığını, gəzişə biləcəyimizi dedi. Birlikdə 272 saylı orta məktəbin yanında bir az gəzişdik. Piyada gəzə-gəzə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 64 saylı tam orta məktəbin həyətinə getdik.

Orada Ayazdan hansı səbəbdən mənim tanıdığım qızlara sataşmasını soruşdum. O da heç kimə sataşmadığını bildirdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Ayaz özü onun tanıdığı qızlara söz atdığını etiraf edib: “Ondan hansı səbəbdən arxamca danışdığını və ünvanıma nalayiq söyüşlər söydüyünü soruşdum. O, müxtəlif bəhanələr gətirdi, buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla onun sağ qol nahiyəsindən vurdum. Ayaz üzərimə gəldi, əlbəyaxa olduq. İkimiz də yerə yıxıldıq. Yerdə olarkən bir-birimizi vurmaq istədik.

Sonra ayağa qalxdıq. Ayaz idmançı olduğu üçün əlləri və ayaqlan ilə məni vurmağa başladi. Ona gücüm çatmadığından yerdə olan qara rəngli qalın uclu bir şüşəni götürərək Ayazı qorxutmaq istədim. Ayaz qabağa gəldi, əlimdə olan şüşə ilə onun qarın nahiyəsindən vurdum”.

Sabir qeyd edib ki, Ayaz əlini qarnına tutaraq oradan qaçıb: “Mən də onun arxası ilə getdim. Onu bir qədər aralı yerdə tapdım. Gödəkçəsi qanın içində idi. Ona su, şokolad alaraq verdim. Həmçinin spirt və bint alaraq yarasını spirtlə təmizlədim. Binti dördkünc edərək yarasına qoydum, əlimi də bintin üstünə qoydum ki, yarasında saxlasın.

Konturum yoxuydu, yanımda adını bilmədiyim bir nəfərdən xahiş etdim ki, təcili yardıma zəng vursun. Təcili yardım maşını ilə həkimlər gəldi. Özüm Ayazı avtomobilə yerləşdirərək xəstəxanaya yola saldım. Sonra çıxaraq evimizə getdim. Bu barədə heç kimə məlumat vermədim”.

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, əvvəllər Nizami rayonundakı 272 saylı orta məktəbdə təhsil aldığı üçün tez-tez həmin məktəbə gedib-gəldiyindən yaşça ondan böyük olan və əvvəllər həmin məktəbdə oxumuş Sabir narahat olub:

“Bir dəfə məktəbə gedərkən Sabir mənim qarşımı kəsərək istədiyi qıza sataşdığımı irad tutdu. Bildirdim ki, bu məktəbə hər hansı qıza sataşmağa və ya tanış olmağa deyil, əvvəllər birgə təhsil aldığım sinif yoldaşlarımı görməyə gəlirım. Sabirlə bu görüşüm oktyabrın 1-də saat təxminən 15 radələrində olub.

Sabir təklif etdi ki, bu mövzunu ayaqüstü deyil, sakit bir yerdə geniş müzakirə edək. Mən də bildirdim ki, burada müzakirə ediləsi bir şey уoxdur. Onun haqqında danışdığı qızı tanımamışam. Sabir israrla təklikdə sakit bir yerdə görüşmək istədiyini bildirdi. Yaxınlıqda çardaqda söhbət edə biləcəyimizi dedi.

Ayazın çox israrından sonra gəzə-gəzə onun dediyi yerə getdik. Həmin yer Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 64 saylı orta məktəbin həyəti idi. Sabir istədiyi qıza sataşdığımı bəhanə gətirərək mənimlə mübahisə etdi və mənə yumruq atdı. Yumruqdan yayındım. Təpik zərbəsi ilə sol çiyin nahiyəmdən vurdu. Cibindən çıxardığı bıçaqla qarın nahiyəmin sağ boşluğuna bir zərbə endirdi.

Zərbənin təsirindən yerə yıxıldım. Ayağa qalxanda sağ qarın nahiyəmdən qan axdığını, bədənimə istilik gəldiyini hiss etdim. Öskürdükdə ətimin yarasını gördüm. Sağ əlimlə yaramı tutaraq oradan uzaqlaşdım. Sonra gödəkcəmin çıxararaq yarama baxdım. Gördüm ki, qan axır”.

Zərərçəkmiş qeyd edib ki, "Xalqlar Dostluğu" metrosu yaxınlığında yerləşən parkın yanına gedib: “Bir qədər sonra Sabir də gəldi. Məndən üzrxahlıq edərək əməlindən peşman oldğunu bildirdi. Mənə su və şokolad alaraq verdi. Yaramı təmizlədi, yaramın üstünə bint qoyub. Bir qədər sonra təcili tibbi yardım maşını ilə həkimlər gəldi və məni xəstəxanaya apardılar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər