28 Noyabr 2023 15:23
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərtər işi" ilə bağlı həbs edilən hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular - kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda təqsirləndirilən şəxslər son söz deyiblər.

Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilmir. Onlar son sözlərində məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.

Bundan əvvəlki iclasda prokuror müttəhimlərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin 9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib.
Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur.

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.

“Tərtər işi” ilə bağlı ittiham olunan daha 5 nəfər - Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.

Bu, "Tərtər işi" üzrə ən böyük cinayət işidir.

Bununla da rəsmi olaraq ittiham olunanların sayı 18, zərərçəkmişlərin sayı 700-dən çoxdur.

Qeyd edək ki, təqsirləndirilən şəxsləridən biri Fuad Ağayev general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi olub.

Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər