Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə İlknur Əliyevanın vəkili Xavər İsmayılova çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs heç kimin etibarından sui-istifadə etməyib. Müdafiə etdiyi şəxs qızıl alveri ilə məşğul olub, amma heç kimə qarşı dələduzluq etməyib.
Vəkil qeyd edib ki, bu, cinayət işi yox, mülki xarakterli işdir. Təqsirləndirilən şəxslərlə zərərçəkmişlərin arasında olan pul məsələsi mülki xarakater daşıyır.
Vəkil müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olmasının nəzərə alınmasını istəyib. Həmçin onun hamilə olduğunu da deyib.
Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi yoxdur. O, İlknur Əliyevanın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilən Aytac Əliyevanın vəkili Ceyhun Yusifov da müdafiə nitqi ilə çıxış edib.
Ümumilikdə bu cinayət işinin 46 məhkəmə iclasının keçirildiyi vurğulayan vəkil deyib ki, ittiham aktında yazılanlar Məlikməmmədin nağılına bənzəyir. Vəkilin fikrincə, bu işin ibtidai istintaqının Bakı Şəhər Baş Polis İdarəsində aparılması qanunsuzdur.
Aytac Əliyevanın ictimai xadim olduğunu deyən vəkil onun barəsində il yarımda 20 dəfə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdiyini xatırladıb: "Kimlərinsə xətrinə dəyməsin deyə 2 ildir Aytac həbsdə saxlanılır. Ona ağır cinayətlərdə ittiham verilib, bu da fərziyələrdir".
Ceyhun Yusifov deyib ki, Aytac Əliyevanın ittiham olunduğu maddələr üzrə cinayət tərkibi yoxdur: "Bu formada istənilən adama böhtan atmaq olar. Bir şəxsin həyatını məhv etmək düzgün deyil. Məhkəmədən ədalətli qərar gözləmirəm. Ümid edərəm ki, məhkəmə sonda məni yanıldar".
Vəkil əlavə edib ki, Aytac Əliyeva onkoloji xəstədir.
Vəkil Aytac Əliyevanın ictimai xadim olmasının, həmçinin xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınmasını istəyib.
Daha sonra Aytac Əliyeva son söz deməyə hazırlaşmaq üçün vaxt istəyib.
Zərərçəkmiş Turanə Məmmədli çıxışında bildirib ki, vəkillərin fikri ilə razı deyil. Onun sözlərinə görə, prokuror təqsirləndirilən şəxslərdən birinə 9 il, digərinə 8 il cəza istəyib. Bu cəza ilə razı olmadığını deyən zərərçəkmiş onlara daha ağır cəza verilməsini istəyib.
Növbəti proses dekabrın 5-də davam edəcək.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Aytac Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Turkutun isə 8 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.
İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.
Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.