Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatı dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş şəxslərin anket məlumatları müəyyən edilib.
Məhkəmə baxışı dekabrın 11-nə təyin edilib.
***
10.26
Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.
Voskanyan Qaqiki Vəkillər Kollegiyasının üzvü Dilsüz Məmmədov müdafiə edir.
Hazırda proses davam edir.
***
09.45
Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə baxılır. Məhkəmə iclas Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.
Cinayət işi üzrə Azərbaycan vətəndaşları - Elvin Malik oğlu Hüseynzadə, İsrafil Vidadi oğlu Məmmədov, Xəyal Qafqaz oğlu Daşdəmirov, Əli Rauf oğlu Kərimov və Tofiq Valeh oğlu İsmayılov zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.