"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən keçmiş universitet rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində Etibar Bağırov ifadə verib. O bildirib ki, mərhum Tariyel Əhmədovun dostu olub: "Hadisə günü axşam evə gəldim. Uşaqlar dedi ki, ata, dostunu televizorda göstərdilər. Özüm də baxdım ki, onu qətlə yetiriblər. Tariyellə mənim aramda pul borcu olub. Amma narazılığımız olmayıb. Özü ilə danışaraq razılaşmışıq, hallaşmışıq. Yaxşı adam idi, ölən adam deyildi".
Daha sonra iş üzrə şahidlər - Azər Şirinin və Elgiz Mehdiyev ifadə veriblər. Onlar səhər saatlarında mərhumu yerdə uzanmış vəziyyətdə gördüklərini deyiblər. Hadisə ilə bağlı təcili yardıma və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hər iki şahid əvvəllər Tariyel Əhmədovu görmədiklərini, tanımadıqlarını bildiriblər. Tərəflərin suallarına cavab verən hər iki şəxsin sözlərinə görə, hadisənin necə baş verməsinin də şahidi olmayıblar.
Daha sonra şahid Rövşən Məmmədov bildirib ki, Tariyel Əhmədovun sürücüsü olub. Hadisə vaxtı işdən çıxıbmış. O, ifadəsində Tariyel Əhmədovun kiminləsə mübahisəsi və ya münaqişəsi olması barədə heç bir məlumatı olmadığını deyib.
Şahid Günel Quliyeva bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev qardaşı, Müşfiq Atakişiyev isə dayasıdır: "Mən bu hadisədən Dəyanət həbs olunadan sonra xəbərdar olmuşam. Əvvəllər Tariyel Əhmədovu tanımamışam. Dəyanətin yoldaşı bizə zəng etdi, anamla danışdı. Dedi ki, Dəyanət içib sərxoş olub, polisə qətl hadisəsi törətməsi barədə məlumat verib. Adam öldürdüyünün etiraf edib, vicdan əzabı çəkdyini bildirib”.
Günel Quliyeva deyib ki, qardaşı Dəyanətin son illər psixoloji problemləri olub: “Buna görə də həkimə gedir, dərman qəbul edirdi. Amma sonradan həkimə getmədi, dərmandan uzaqlaşdı. Buna görə də belə hadisəni etiraf etdi”.
Hakimlər şahid Günel Quliyevanın ibtidai istintaqa verdiyi ifadəsini elan ediblər. Həmin ifadədən məlum olur ki, onlar ailədə iki bacı, bir qardaş olublar. Ataları vaxtsız vəfat edib, onlara kiçik dayıları Müşfiq Atakişiyev atalıq edib, dayaq olub:
“Mənim toyumu dayım edib, cehizimi alıb. Digər bacımın da toyunu dayım edib. Toydan yığılan pulu dayıma versək də, götürmədi. Dayım Dəyanətə də dayaq idi. Onu oxutmuşdu, işlə təmin etmişdi. Ev, maşın almasına köməklik göstərmişdi.
Amma qardaşımın sonradan spirtli içkini çox içdiyi üçün başı pozuldu. Qardaşım vaxtı ilə mənim də maddi çəhətdən əlimdən tuturdu. Ona görə ona mən də köməklik etmişəm.
Qardaşım məndən kredit götürərək ona verməyimi istədi. Bankdan 4 min manat kredit götürərək ona verdim. Sonradan eşitdim ki, həmin pulu qumarda uduzub. Qardaşım həmin krediti ödəyə bilmədi. Məcbur qalaraq özüm ödəməyə başladım. Hər dəfə məni görədən kredit ödəyə bilmədiyi üçün başını aşağı salırdı, məndən utanırdı.
2021-ci ildə övladıma təhsil haqqı ödəmək lazım oldu. Buna görə bankdan əlavə 8 min manat kredit götürdüm. Həmin pulla qardaşıma götürdüyüm krediti bağladım, qalan pulu isə övladımın təhsil haqqı üçün ödədim”.
Şahid istintaqa verdiyi ifadəsində Tariyel Əhmədovu əvvəllər tanımadığını deyib. Məhkəmədə şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Daha sonra Dəyanət Quliyevin həyat yolası Elnarə Quliyeva ifadə verməsi üçün məhkəməyə dəvət olunub. O, ifadəsində Dəyanətin içkinin təsiri altında bu hadisəni etiraf etdiyini deyib.
Bundan sonra hakimlər şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıblar. O, həmin ifadəsində Dəyanətin içkinin təsiri altında bu cinayəti törətdiyini etiraf etməsindən danışıb.
Daha sonra istintaq ifadəsində şahid Elnarə Quliyeva Dəyanət Quliyev həbs olunadan sonra onun böyük qardaşı İsa ilə telefon danışıqları ilə bağlı müstəntiq sorğu-sual edilib.
Müstəntiqin sualından məlum olur ki, Elnarə Quliyeva qayını İsaya deyib ki, Müşfiq Atakişiyev Dəyanəti qabağa çəkməklə bu işlərini gördürüb, buna görə də ona köməklik edib, onun yekə, eşşək boyda oğlu var idi, oğlunu qabağa çəkərdi, bu işlərini də oğluna gördürərdi. Elnarə Həmçinin telefon danışığı zamanı "Müşfiq Atakişiyein Allah bəlasını versin” deyib.
Telefon danışıqlarından o da məlum olur ki, Dəyanətin qızı Fəridə Quliyeva bildirir: nənəmə deyin, atamaı onun qardaşı Müşfiq Atakişiyev bu yola çəkib, buna görə də hərə öz cəzasını çəksin.
Elnarə Quliyeva həmçinin qaynı ilə telefon danışığıda deyib ki, qızı Fəridə hər şeydən xəbərdardır, onu saxlaya bilmir, hər şeyi danışacaq, hamını ifşa edəcək.
Danışıqlarda qeyd olunur ki, Müşfiq Atakişiyev Dəyanət Quliyevlə danışan zaman Samir Quliyevin onları şantaj etdiyini söyləyir. Bu işin açılmaması üçün pul tələb edib. Müşfiq isə ona deyib ki, onu rədd elə, o kimdir ki, bir onunla bacara bilmirsən, get onu susdur.
Daha sonra Elnarə Quliyevanın digər ifadəsi məhkəmədə elan edilib. Həmin ifadədə o qeyd edib ki, Samir Quliyev tez-tez Dəyanətdən pul istəyib: “Hər dəfə Samir pul istəyəndə Dəyanət özünü ora-bura vururdu. Samirə vermək üçün pul axtarırdı. Dəyanət evdə sərxoş olanda Müşfiqə, Samirə qarğış edirdi. Amma bunun səbəbini biz bilmirdik. Dəyanət sərxoş vəziyyətdə hadisəni polisə etiraf edəndən sonra biz baş verən hadisə barədə məlumatımız oldu”.
Prokurorun suallarını cavablandıran şahid ifadəsini təsdiqləyib.
Daha sonra prokuror təqsirləndirilən Müşfiq Atakişiyevə suallar verib. Müşfiq Atakişiyev belə halların olmadığını, Samir Quliyevi tanımadığını deyib.
Dəyanət Quliyev də Samir Quliyevin pul istəməsi barədə deyilənləri təsdiqləməyib. Samir Quliyev özü də hadisdən sonra heç kimi narahat etmədiyini, bu hadisəni dostluq münasibətləri nəticəsində törətdiyini deyib. Samir Quliyevin sözlərinə görə, bu işi görmək üçün aralarında pul söhbəti olmayıb.
Növbəti proses martın 13-də davam edəcək.
İttihama görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sifariş əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, onun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.
İttihamda qeyd edilib ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb.
Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyananətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.
Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi.Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.
Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.
Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.