29 Yanvar 2015 11:08
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqsirləndirilən şəxs: "Ondan pul verəcəyi dəqiq vaxtı soruşdum, cavabında qayıtdı ki, mənə vaxt qoyma"

Şəki Apelyasiya Məhkəməsində Yevlax rayon sakini, 1992-ci il təvəllüdlü İlqar Haqverdiyevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, İlqar Haqverdiyev 10 iyul 2014-cü il tarixdə, gecə saat 00.05-da sərxoş vəziyyətdə Yevlax şəhərində 3 saylı orta məktəbin qarşısında Rüfət Əhmədovla mübahisə edib.
Mübahisə zamanı o, Rüfət Əhmədovu nalayiq sözlərlə təhqir edib, daha sonra onu bıçaqla vurub. Yaralı xəstəxanada müalicə alıb, həyatı üçün təhlükə aradan qaldırılıb. Əvvəlcə İlqar Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Lakin istintaq dövründə İlqar Haqverdiyevin əməlində həmin maddənin tərkibi müəyyən edilməyib, bu səbəbdən o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) maddəsi ilə ittiham olunub. Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb, "qar Haqverdiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İlqar Haqverdiyev apelyasiya şikayəti verərək daha yüngül cəza istəyib. Şikayət araşdırılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rövşən Rəfiyevin sədrliyi ilə keçirilən prosesdə İlqar Haqverdiyev bildirib ki, Rüfət Əhmədovla qonşu olub, aralarında heç bir ədavət və düşmənçilik yoxdur: "Bir neçə il Yevlax şəhər bazarında dükanda kişi paltarı satmaqla məşğul olmuşam. Təxminən hadisədən 2 ay əvvəl mağazanı bağlamışam, həmin vaxtdan heç bir yerdə işləməmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin aprel ayında Rüfət hərbi xidmətini başa vuraraq evə gələndən sonra özünə əyin-baş almaq üçün dükana gəlib, özünə 20 manat dəyərində cins şalvar götürüb: "Rüfət şalvarın pulunun 5 manatını verdi, 15 manatı hissə-hissə ödəyəcəyini dedi. Bundan iki ay sonra dükanı bağladım, Rüfətin pulu qaytarmaması səbəbindən onunla söhbət etmək istədim. Bu məqsədlə iyulun 9-da ona zəng vurub görüşmək istədiyimi bildirdim. Rüfət axşam evdə olacağını dedi.

Həmin gün saat 23.50-də Rüfətlə Yevlax şəhər 3 saylı orta məktəbinin yanında görüşdüm. Söhbət edə-edə küçə ilə gedərkən Rüfətdən pulumu istədim. O, pulu olmadığını, amma pulu verəcəyini dedi. Təxminən saat 00.05-da ayrılan vaxt Rüfətdən pul verəcəyi dəqiq vaxtı soruşdum. Cavabında qayıtdı ki, mənə vaxt qoyma. Bu zaman onu kənara çəkib yaxasından tutdum və yerə yıxdım. Dartışdığımızı görən Bəhruz və adını bilmədiyim bir nəfər gəldi, bizi aralaşdılar. Aralanandan sonra əsəbi olduğumdan cibimdən bıçağı çıxarıb Rüfətin boyun nahiyəsindən vurdum".

Törətdiyi əməldən peşman olduğunu deyən İlqar Haqverdiyev barəsində təyin olunmuş hökmün ləğv olunmasını, əməlinin düzgün hüquqi tövsüf edilməsini xahiş edib: "Törətdiyim cinayəti səmimi etiraf etmişəm, peşmanam. Zərərçəkmiş şəxsə hər cür kömək göstərmişəm, onunla barışmışam. Hesab edirəm ki, əməlimdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. Birinci instansiya məhkəməsi isə mənə ən yüksək cəzanı verib. Rüfətə yetirdiyim xəsarət az ağır xəsarət yox, yüngül xəsarət olub. Bu səbəbdən də Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilməliyəm".

İlqar Haqverdiyevin vəkili Fərhad Məmmədov da müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Prokuror Vidadi Cabbarov apelyasiya şikayətinin əsassız olduğunu deyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar açıqlayıb. İlqar Haqverdiyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 il 6 aya endirilib.

Hacı


Müəllif: