27 May 12:47
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda 1981-ci il təvəllüdlü Aydın qonşusu Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Qax rayonunun kəndində Aydın qonşusu Könülü mübahisə zamanı şillə ilə vuraraq döyüb.

Aydının barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. İş baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilib.

İş üzrə izahat verən Aydının sözlərinə görə, hadisə günü arvadı Ləman Qax şəhərinə toya gedib:

“Mən idə evdə olmuşam. Axşam yemək yeyəndə 300 qram araq içdim. Arvadım toydan qayıdanda gec gəldiyinə və mən də sərxoş olduğuma görə aramızda narazılıq yarandı. Yoldaşım digər otağa keçdi. Onun yola çıxdığını zənn edərək küçəyə getdim. Öz həyətinə daxil olan qonşumuz Könülü arvadıma bənzətdim. Onların həyətinə girdikdə Könül qapını açaraq məni evə baxdı. Arvadımın onlarda olmadığını dedi.

Həmin vaxt Könülə bir şillə vurmuşam. Oradan da öz evimə getmişəm. Hərəkətimdən çox peşmanam. Hadisə zamanı sərxoş olmuşam. Könüldən üzr istəyirəm, böyük səhv etmişəm”.

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, hadisə baş verən gün kənddə toy olub: “Həmin gün xəstəydim. Mən Azərbaycan dili-ədəbiyyat müəllimiyəm. Uşaqlara haqq-ədalət, düz yol öyrədirəm, səhvlərdən çəkindirirəm. Hamı bilir ki, yalan danışmıram. Ziyalı, müəllim ailəsində tərbiyə almışam, atam da müəllimdir.

Həmin gün axşam ürəyim bulandığı üçün həyətə düşdükdə darvazanın möhkəm döyüldüyünü eşitdim. Amma ürəyim bulandığı üçün darvazaya yaxınlaşa bilmədim. Darvaza bağlı idi. Aydın darvazanın arxasından mənim və anamın ünvanına nalayiq söyüşlər söydü. Aydının yanında olan anası ona yalvararaq evə getməsini xahiş etdi. Mən söyüşlərə əhəmiyyət vemədim.

Əvvəlcə hesab etdim ki, kənddə toyda kimsə sərxoş olub, darvazanın qarşısına yıxılıb və söyüş söyür. Sakitlik çökdükdə düşündüm ki, söyüş söyəni aparıblar. Mən özümə gəlməmiş Aydın həyətin hasarını aşaraq pilləkənlərlə evimə çıxdı. Qapını təpiklədikdən sonra evə daxil oldu. Mənsə həyətdə qaldım.

Aydının evdən çıxmadığını görəndə nə etdiyini görmək üçün içəri daxil oldum. Onun otaqları axtardığını gördüm. Axtardığı otağın qapısını arxadan bağladı. Gecə saat 1-də kənar adamın evimə icazəsiz girərək axtarış aparmağa nə ixtiyarı vardır? Mən telefonu götürərək qardaşıma zəng etmək üçün foyenin yarısına qədər getdim. Telefonu götürmək istədikdə Aydının otaqdan çıxdığını gördüm. Buna görə balkona qaçmaq istədim. Lakin Aydın məni tutaraq elə boğdu ki, ondan nə etdiyini soruşmaq istəsəm də, danışa bilmədim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, qaçıb canını qurtarmaq üçün balkona tərəf addım atıb: “Aydın başıma oyun açacağını və məni öldürəcəyini dedi. İki əlinin barmağı ilə nəfəs borumu sıxmağa başladı. Başımı 8-9 dəfə kubik barıya vurdu. Gözümü altından elə sıxdı ki, gözümə qan sızdı. Sonra məni yerə, parketə elə çırpdı ki, çənəmdə izlər qaldı. Qan izlərinin şəkillərini çəkmişəm və telefonumdadır.

Aydının barmaqlarının üzümdə açdığı çapıqları itirmək üçün Bakıdan bahalı dərmanlar sifariş etmişəm. Müstəntiq və ekspert üz-gözümün şəkillərini çəkib. Görmə qabiliyyətim zəifləyib. Hər işimi məktəbdə bir nəfər görür. Jurnalı yaza bilmirəm”.

Könül deyib ki, döyüldükdən sonra dörd gün çörək yeyə və dərman qəbul edə bilməyib: “Aydının evi tərəfdən üçüncü qonşusiyam. Uşaqları universitetdə oxuyur, otuz ilə yaxındır onun arvadı bir dəfə də omənim evimə gəlməyib, mənimlə söhbət etməyib. İndi nə üçün arvadını mənim evimdə axtarırdı?

Aydın hasarı aşarkən anası da yanındaydı və ağlayırdı. Ondan nə üçün ağladığını soruşduqda Aydının bıçaqla evdən çıxdığını söylədi.

Həmin gecə evə polis gəldi. Saat 2 radələrində polis evimdən getdi. Aydın həmin günü saat 3-dən evdə olub. Polis nə səhər, nə də o biri gün onu aparmamışdı. İki gün sonra qardaşım polis idarəsinə gedərək narazılıq etdikdən sonra onu gəlib apardılar. Mən həkimlərə getmişəm, 700 manat xərc çəkmişəm. Səhhətimə, sağlamlığıma zərər dəyib. Yuxum yoxdur, əsəblərim pozulub. Özümü indi də idarə edə bilmirəm”.

Məhkəmənin qərarı ilə Aydın 15 gün müddətə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov