29 May 14:01
4 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 1995-ci il təvəllüdlü Azər qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 31 may 2023-cü ildə saat 21:00-da Azər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ləmandan şübhələndiyi üçün onunla mübahisə edib.

Azər mənzilin mətbəx otağından götürdüyü bıçaqla onun kürək nahiyəsinə vurub.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Birlikdə yaşamışıq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ləmanı 1 ilə yaxındır tanıyır, tanışlığına səbəb “Çiçək” kafesində birlikdə işləmələri olub:

“Aramızda qeyri-rəsmi olsa da, ər-arvad münasibətimiz olub və birlikdə yaşamışıq. 2022-ci ilin oktyabrından etibarən birlikdə kirayədəq qalmışıq. Aylıq olaraq evə 75 manat kirayəhaqqı ödəmişəm. Həmin evin sahibi Lətafət adlı qadındır. Ləmanın rəfiqəsi Aydan da qalmağa yeri olmadığından təxminən 4 aya yaxındır bizimlə yaşayıb”.

“Dedi, evə gecə gəlmə”

Təqsirləndirilən şəxs qeyd edib ki, dostu Rüfət və onun tanışı Faiqi yaşadığı evə qonaq dəvət edib: “Evdə Rüfət, Faiq, Aydan və Ləmanla birlikdə yeyib-içdik. Növbəti gün evdən çıxaraq Yardımlı rayonuna, kəndimizə ot biçiminə getdim. Rayonda bir neçə dəfə Ləmanla telefonu əlaqə saxladıq. Həmin zaman onun danışıqlarından kimləsə əlaqəsi olmasından şübhələndim. O mənə zəng edərək rayona gedəcəyini, ona deməmiş evə gəlməməyimi bildirdi. Bu sözlər məndə onun kiminləsə əlaqəsi olması şübhələrini artırdı.

Ləmanla danışan zaman ona dediyi vaxtı, yəni gecə saatlarında gəlməcəyimi bildirdim. Şübhələrimi dəqiqləşdirmək məqsədi ilə Yardımlı rayonundan yol taksisi ilə Bakı şəhərinə gəldim. Yolda dostum Rüfətə zəng edərək şəhərə gəldiyimi dedim, şəhərdə olduğumu Lımana bildirməməsini və məni Lökbatan dairəsindən götürməsini xahiş etdim.

Rüfət təxminən səhər saat 8 radələrində məni Lökbatan dairəsindən avtomobillə götürdü. Yolda Rüfətə bizimlə birlikdə yaşayan Aydana zəng edərək evdən bir bəhanə ilə çıxmasını bildirdim. Rüfət də Aydana mesaj yazaraq evdən aşağı düşməyi tapşırdı, onunla işi olduğunu söylədi. Rüfətlə Aydanın qeyri-rəsmi münasibətlərindən xəbərim vardı”.

“Əxlaqsız anandı”

Azərin sözlərinə görə, yaşadığı ünvana çatana yaxın Aydanın onu görməməsi üçün avtomobildən yerə düşüb, piyada binanın arxasınca evə tərəf gedib: “Binanın giriş qapısından yaşadığım binaya daxil oldum. Liftlə 6-ci mərtəbədə yerləşən mənzilə qalxdım. Qapını döydüm, Ləman qapın açdı. Əlimlə salam vermək istədikdə əl verərək görüşməkdən imtina etdi. Evin giriş qapısının sağ hissəsində yerləşən ayaqyoluna keçdim.

Ləmandan şübhələndiyimdən onunla söhbət etmək təklifi etdim. Bu zaman aramızda mübahisə baş verdi. Hər ikimiz bir-birimizi qarşılıqlı söyərək təhqir etdik. Mən Ləmana əxlaqsız olduğunu dedim. O da "əxlaqsız anandı" cavabını verdi. Həmin zaman yataq otağının giriş hisəsində dayanmışdım. Ləman isə yataq otağında yerləşən şüşəli dolabın qarşısında dayanmışdı”.

“Aydana “get meytini götür” dedim”

Azər qeyd edib ki, Ləmanın ona xəyanət etməsini hiss etdiyindən və anası haqda təhqiramiz ifadə işlətməsindən hirslənərək mətbəxtə tərəf gedib, mebelinin üzərində olan yuyulmuş qabların arasından çörək bıçağını götürüb: “Ləman olan yataq otağına tərəf qaçaraq otağa daxil oldum. Ləman üzü şüşəli dolab tərəfə dayanmışdı. Arxasına keçərək onun sağ yuxarı kürək nahiyəsinə bıçağı batırdım. Ləman yerə yıxıldı. Ona ayağa durmağı, daha vurmaq istəmədiyimi bildirdim.

Ləman yerdə sürünərək yataq otağında balkona tərəf getdi və divara söykəndi. Yenidən vurmaq məqsədim olmasa da, hirsimdən əlimdəki bıçağı ona tərəf tulladım. Bıçaq ona dəymədi.

Ləmanı söyərək yataq otağında dolabın üzərindən səhvən özümünkü bildiyim telefonu götürərək evin giriş qapısına getdim. Ləman mənim kürək nahiyəmdən qucaqlayaraq ona kömək etməyimi istədi. Kömək üçün ayaqyolunun qapısını açdım. Həmin vaxt Ləman evin qapısının cəftəsini açıb qışqıraraq kömək istədi. Mən tez evdən çıxıb qaçmaq istəyəndə Ləman köynəyimin yaxasından tutaraq qaçmağıma imkan vermədi, mən isə əynimdə olan köynəyimi çıxardım.

O, əynimdəki qara rəngli maykamdan tutdu, maykam cırıldı. Hər iki geyimimi çıxararaq qapının ağzında yerə ataraq qaçdım. Liftə minmədim, pilləkənlə düşdüm. Binanın giriş hissəsində Aydanla rastlaşdım. Ona “get meytini götür” deyərək qaçdım.

Binanın arxa hissəsində tanımadığım şəxsə yaxınlaşaraq dalaşdığımı bildirdim, mənə geyinmək üçün köynək verməsini istədim. Binanın arxasında gözlədim, həmin adam mənə qara rəngli köynək gətirdi. Yola çıxıb taksiylə Lökbatan dairəsinə, rayona getmək yola düşdüm. Lökbatan dairəsində digər yol taksisinə minib Masallı rayonuna getdim”.

“Ayrılmaq qərarına gəldim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanı öldürmək fikri olmayıb: “Elə fikrim olsaydı, ona bıçaq zərbələrini vurmaqda davam edərdim. Hadisə zamanı özümü itirdiyimdən səhvən Lımana məxsus mobil telefonu götürmüşəm. Mənim onun telefonunu götürmək fikrim olmayım”.

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Azərlə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar, Aydan adlı rəfiqəsi də onlarla qalıb: “Tanışlığımız birikdə ofisiant işlədiyimiz “Çiçək” adlı kafedə başlayıb. Məlum hadisədən əvvəlki günlərdə evə tanışı olan Rüfət və Faiqi qonaq çağırdı. Qonaqlıqdan sonra Azər işləmək məqsədi ilə Yardımlı rayonuna yola düşdü.

Rayonda olarkən telefonla danışdığımız zaman Azərlə tez-tez mübahisələrimiz olurdu. Əvvəllər də tez-tez qısqanclıq zəminində mübahisələr edirdik. Mən Azərdən ayrılmaq qərarına gəlmişdim. Bu barədə rəfiqəm Aydana da bildirmişdim”.

“Mənə kömək etmədi”

Zərərçəkmiş qeyd edib ki, 31 may 2023-cü ildə günorta saatlarında telefonla danışan zaman Azərə iki günlük rayona gedəcəyini deyib, evə gələndə ona xəbər verməsini istəyib: “Azər mənə gecə geri qayıdacağını bildirdi. Mayın 31-də saat təxminən 21 radələrində yaşadığım evdə olduğum zaman evin qapısı döyüldü. Azəri görüb qapını açdım.

Evdə aramızda mübahisə oldu. Azər məni söyüb təhqir etməyə başladı. Mən də qarşılıqlı olaraq cavab verdim. Yataq otağına keçib şüşəli şkafın qarşısında duranda Azərin əlində bıçaq mənim tərəfə gəldiyini hiss etdim. O, bıçaqla mənim kürəyimin sağ nahiyəsindən vurdu. Müvazinətimi itirərək yerə yıxıldım, rxa-arxaya gedərək özümü divara dayadım. Azər bıçağı yenidən mənə tərəf tulladı. Bıçaq yanımdan ötüb divara dəydi.

Mənə məxsus telefonu masadan götürüb getmək istəyəndə qapının ağzında onun kürək nahiyəsindən tutdum və ondan kömək istədim. Amma mənə kömək etmədi. Evin qapısının cəftəsini açaraq qışqırdım və kömək istədim. Sonra yenidən Azərin yaxasından tutdum. Qaçdığı üçün ağ rəngli koftasını dartıb əynindən çıxardım. Maykasından tutaraq qaçmasına mane olmaq istədim.

Azərin maykası cırıldı. O, paltarını blokda tullayıb paltarsız halda qaçdı. Sonrada rəfiqəm Aydan, oraya gələn tanışı Rüfət avtomobillə məni xəstəxanaya apardılar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azər 3 il 6 ay azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər