29 May 14:06
8 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın psixoloji vəziyyəti ilə bağlı ekspertiza keçirilib.

Teleqraf.com xəbər verir ki, ekspertiza keçirilməsini xanım müttəhimin vəkili istəyib.

Vəkil iddia edib ki, Fidanın psixi problemləri var, anlaqsızdır. Vəsatətə prokuror da etiraz etməyib. İttihamçı deyib ki, həkim rəyini bilmək onlar üçün də maraqlıdır.

Məhkəmə tərəflərin təklifi ilə razılaşıb, vəsatəti təmin edib.

Bir neçə gün əvvəl ekspertiza rəyinin nəticəsi məlum olub, rəsmi şəkildə məhkəməyə təqdim edilib.

Amma ekspertiza rəyi təqsirləndirilən şəxsin anlaqsız olmasını təsdiq etməyib. Rəydə qeyd olunub ki, Fidan Əliyevanın psixoloji vəziyyəti normaldır.

Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti iclasların birində prokuror ittiham nitqi ilə çıxış edəcək.

F. Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər.

Qeyd edək ki, F.Əliyeva Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.


Müəllif: Hacı Zeynalov