Şəmkir rayonunda 1991-ci il təvəllüdlü Əvəz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əfsanəyə (adlar şərti verilib – red.) işgəncə verib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 16 may 2023-cü ildə saat 23:30-da Əfsanənin saçlarını qırmızı rəngə boyaması ilə əlaqədar Əvəzlə onun arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində o, arvadının saçlarını kəsib, yumruqla baş və qol nahiyələrinə zərbələr endirib. Əfsanə çoxsaylı bədən xəsarətləri alıb.
İstintaq orqanı tərəfindən Əvəzin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əvəz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər məhkumluq həyatı yaşamayıb, rəsmi olaraq heç bir yerdə işləmir: “Şəmkir rayonunun kəndində bərbər işləməklə ailəmi dolandırıram. 2019-cu ilin əvvəllərində həmkəndlim Əfsanə ilə ailə həyatı qurdum. Birgə nikahdan üç övladımız dünayaya gəldi. Bu günədək aramızda hər hansı narazılıq olmayıb”.
“Nənəsinin başına rəng qoyduğunu bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 16 may 2023-cü ildə Əfsanə onu baxıb-böyütmüş nənəsi Adiləgilə getmək istədiyini bildirib: “Saat təxminən 20 radələrində Əfsanəni uşaqlarımla birlikdə taksidə nənəsigilə apardım. Özüm isə bərbərxanaya qayıtdım. Saat 22 radələrində taksi ilə gedib Əfsanə və uşaqları götürdüm.
Nənəsigildən çıxmazdan əvvəl Əfsanə nənəsinin başına rəng qoyduğunu bildirdi. Lakin orada Əfsanənin saçına fikir vermədim. Evə gəldikdən sonra arvadımın saçının qırmızı rəngə boyandığını gördüm. Ona qırmızı rəngin cavan gəlinin saçına qoyulan rəng olmadığını deyib irad bildirdim. Əfsanə isə “yaxşı eləmişəm, nənəm qoyub” deyə cavab verdi.
Mübahisə yarandıqda evdən parça kəsən qayçı götürdüm və Əfsanənin saçının daha çox qırmızı rəngə boyanmış hissələrini kəsdim”.
“Heç yerdə tapa bilmədik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra yatıblar, səhər işə gedib: “Günorta nahara evə gələndə Əfsanədə heç nə hiss etmədim. Təxminən saat 16 radələrində atam Əziz zəng edərək həyat yoldaşımın evdə olmadığını, axtarsalar da onu tapa bilmədiklərini dedi. Qohumlarıma zəng vurdum, arvadımın onlara gəlib-gəlməməsini soruşdum. Onlar da Əfsanəni görmədiklərini bildirdilər.
Kənd ərazisində müəyyən yerlərə baxdım. Saat təxminən 20 radələrində Əfsanənin nənəsi ilə birlikdə yaşayan xalası Əminəyə zəng etdim. Əminə indi mən zəng edəndə Əfsanənin onlara gəldiyini bildirdi. Bir qədər sonra isə nənəsi Adilə ilə xalası Əminə Əfsanəni evimizə gətirdilər. Mənə onun saçını kəsməyimə görə irad bildirdilər.
Aramızda mübahisə yarandığından onlar Əfsanəni yenidən apardılar. Sonradan bildim ki, həyat yoldaşım barəmdə polisə şikayət edib”.
“Əməlimdən peşmanam”
Daha sonra təqsirləndirilən şəxs ifadəsində özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bilib. O qeyd edib ki, mübahisə yarandığı zaman Əfsanəyə saçını boyadığına görə irad bildirib: “Həmin vaxt o, yaxşı etdiyini bildirdərəndə əsəbləşərək qayçı ilə onun saçlarının daha çox boyanmış yerlərini kəsdim. Mübahisə zamanı Əfsanəni əlimlə vuraraq yüngül xəsarət yetirdiyimə görə əməlimdən səmimi peşmanam.
Ailəmizdə yalnız bir dəfə mübahisə yaranıb, əvvəllər hər hansı problemlərimiz olmayıb. Hadisədən sonra Əfsanə ilə barışmışam və bir ailə olaraq mehriban yaşayırıq. Cinayət işinə məhkəmədə baxılarkən dördüncü uşağımız doğulub. Odur ki, əməlimin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi ilə zərərçəkmiş şəxslə barışdığıma görə cinayət məsuliyyətindən azad edilməyim barədə qərar qəbul edilməsini xahiş edirəm”.
“Ərimə məlumat verdim”
İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, psixi xəstəliklər keçirməyib, rəsmən heç bir yerdə işləmir, evdar qadındır: “Atamla anam ayrıldığından nənəmin himayəsində böyümüşəm. 2019-cu ildə həmkəndlimiz Əvəzlə ailə həyatı qurdum. Birgə nikahdan 3 övladımız dünayaya gəldi. Əvəz özü kənd ərazisində olan bərbərxanada bərbər işləyir. Əvvəllər münasibətlərimiz yaxşı olub.
16 may 2023-cü ildə Əvəzə nənəmin yanına getmək istədiyimi bildirdim. O, taksi ilə məni nənəmgilə apardı. Orada nənəmin saçıma rəng qoymaq üçün boya aldığını gördüm. Bu barədə Əvəzə zəng edərək məlumat verdim. Əvəz də etiraz etmədi. Rəngi saçıma qoyduqda gördüm ki, saçım nisbətən qırmızıyaçalar olub.
Əvəz gələndə saçımı göstərdim. Mənə heç nə demədi. Saat təxminən 23 radələrində birlikdə yaşadığımız evə getdik. Evə çatdıqda Əvəz rəngə görə etiraz bildirdi, ona yeni rəng alıb dəyişəcəyimi söylədim. Əvəz də heç nə demədi.
Bir qədər sonra qaynatam içəri daxil olaraq rəngə görə irad bildirdi və gələn dəfə sarı rəng qoymağı məsləhət gördü”.
“Babamın qəbir üstünə getdim”
Əfsanənin sözlərinə görə, daha sonra Əvəzlə aralarında mübahisə yaranıb: “Əvəz məni yumruq və şillə ilə vurdu. Qolumdan tutaraq zorla saçımın bir hissəsini kəsdi. Ona etiraz etsəm də, heç bir nəticəsi olmadı. Baxanda saçımın çox pis vəziyyətə düşdüyünü gördüm. Buna görə özümü təhqir olunmuş saydım. Lakin gecə olduğundan heç yerə çıxa bilmədim.
Gecəni evdə qaldım. Səhər Əvəzin saçımı səliqəyə salmasını gözləsəm də, mənə fikir vermədi. Saçımın kəsik vəziyyətdə olduğuna görə özümü pis hiss elədim. Günorta Əvəz evə gəldikdə yenə mənə fikir vermədi. O getdikdən sonra qayınanam və qayınatamın mənə baxaraq güldüklərini gördüm.
Buna görə günorta uşaqlarım yatdırdıqdan sonra evdən sakitcə çıxaraq kənddə olan babamın qəbir üstünə getdim. Dərdimi babamla bölüşmək istədim. Əvəzin mənə qarşı etdiyi hərəkəti qəbul edə bilmirdim. Orada olduğum zaman gecə yarı tanımadığım şəxs təsədüfən həmin yerə gəldi və məni görərək nənəmin yanına apardı”.
Əfsanə bildirib ki, həmin hadisədən qısa müddət sonra Əvəzlə barışıb, ondan heç bir şikayəti yoxdur. Ər-arvad olaraq mehriban yaşayırlar.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əvəzin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilib. Ona həmin maddə üzrə cəza təyin olunmayıb.
Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması olub. Əvəzin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsiliyyətindən azad edilib.