9 İyul 16:01
6 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda 1984-cü il təvəllüdlü Taleh Qurbanov şəhid qardaşı Saleh Qurbanovun həyat yoldaşı Ləmanı boğaraq öldürməsi faktı üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Taleh 13 may 2023-cü ildə saat 13 radələrində Giləzi qəsəbəsində olan Zöhrab adlı şəxsə məxsus kafedə spirtli içki qəbul etdikdən sonra özünün yaşadığı evə gəlib.

Saat 17 radələrində o, şəhid qardaşı Saleh Qurbanovun arvadı Ləmanın həmin qəsəbədə Cabir Novruz küçəsində yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində atasına məxsus mənzilə gəldiyini eşidib, onunla ailələri arasında olan söz-söhbəti yekunlaşdırmaq üçün həmin mənzilə gəlib.

Orada şəhid qardaşının əşyaları saxlanan otaqda Ləmanla təklikdə söhbət edib. O, Ləmanın öz ata evinə qayıdacağı, hazırki evdə yaşamaq istəmədiyi və digər sözlərindən sonra yaranmış mübahisə zamanı onu öldürmək məqsədilə son dəfə sağollaşmaq adı ilə ayaq üstə qalxmasını istəyib.

Ləman oturduğu divandan qalxdıqda Taleh sol əli ilə onun boğazından tutaraq sıxıb. Boğmağa gücü çatmadıqda qolunun dirsək hissəsini qadının boğazına keçirib və yenə də möhkəm sıxıb. Ləman aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh bildirib ki, qardaşı Quru Qoşunlarda kapitan rütbəsində xidmət edib: “Qardaşım 2016-cı il aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2022-ci il sentyabr döyüşlərində iştirak edib. 12 sentyabr 2022-ci ildə şəhid olub. Qardaşım ailəsi ilə birlikdə atamgillə yaşayıb. Mənim isə atamgillə yaxınlıqda özümə məxsus evim var. Ləman kiminsə sözlərinə aldanıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qardaşı Saleh 44 günlük Vətən Müharibəsində ön xətdə xidmət edərkən başına bir iş gəldiyi təqdirdə ailəsini ona etibar edib, ailəsi üçün öz evinin yanında birotaqlı ev tikməyini xahiş edib:

“Qardaşım şəhid olduqdan 15-16 gün sonra anam, atam və gəlinimiz Ləmanı bir yerə yığaraq onlara qardaşımın vəsiyyətini bildirdim. Qardaşımın çantasından ev layihəsi çıxdı, həmin evi tikmək istədim. Mənim həyətimə köçəcəklərinə, orada yaşayacaqlarına razılaşdıq. Bu fikri Ləmanın atasına da bildirdim. Onlar da razılaşdılar.

Sonra Ləmanın “Tik tok”dan istifadə etdiyini öyrəndim. Qardaşımın şəhid olmasından 7 ay keçdiyi üçün gəlinə bu hərəkətin ayıb olduğunu, bizə yaraşmadığını söylədim. Ləmanın telefonunu sındırdıqda atasının evinə getdi. Bizə Ləmanın 10 günlük müalicə aldığını bildirdilər. Lakin 1 ay keçməsinə baxmayaraq geri qayıtmadı.

Atam Ləmanı pirə apardı, oradan qayıtdıqdan sonra Ləman öz atası evinə gedəcəyini dedi. Ondan nə üçün belə hərəkət etdiyini soruşdum. O burada qala bilmədiyini söylədi. Onunla uzun söhbət etməyimə baxmayaraq mənimlə razılaşmadı. Axırda dediyi sözləri ona yaraşdırmadım. Mən də özümü saxlaya bilmədim”.

Taleh deyib ki, Ləmanın “Tik tok”da Salehin videolarını paylaşıb, mesajlara baxmaması üçün telefonunu sındırıb: “Telefonu aprel ayının 12-də sındırmışam. Aprelin 14-də Salehin anım günündən sonra atasıgil onu müalicə olunmaq adıyla apardı. Bu dönəmdə mənim atam onu pirə aparıb gətirdi.

Ləman “məni bu evə bağlayan heç nə yoxdur, mən burda qalmaq istəmirəm” deyərək uşağı da özü ilə aparmaq istədi.

Hər dəfə atamgilə gedəndə valideynlərimi gözüyaşlı görürdüm. Onlar Salehin uşağı ilə nəfəs alırdılar. Qardaşım şəhid olduqdan sonra hər dəfə işdən çıxanda ata evinə gedərək hal-əhvallarını soruşardum. Orada çayımı içib qurtarana qədər Ləman hətta ayaqqabımı da təmizləyərdi. Ləman pis insan deyildi. Onu kimsə yolundan döndərdi. Kiminsə yanında Ləmanı öldürəcəyimi deməmişəm.

Hadisədən sonra tanıdığım polis işçisi Eyvaza zəng edərək xəta törətdiyimi, evdə gözlədiyimi bidirdim”.

Talehin ifadəsinə görə, qardaşının vəsiyyətini ata-anasına, gəlinə və kimi maraqlandırırsa, onlara deyib: “Hamımız evin tikilməyinə, birlikdə yaşamağımıza razı olduq. Sonradan nə baş verdiyini bilmirəm. Evi ata-anamın puluna tikəcəyimizi bildirmişik. Qardaşım mənə 1 otaqlı ev tikməyi demişdi. Amma çantasından başqa evin layihəsi çıxdı.

Öz evimin qabağında 4 otaqlı ev tikməyi planlamışdıq. Mən işləyirdim, əlavə işlər də görürdüm. Həmçinin atam sənətkar adamdır. Pulun hamısı Ləmanın özündə idi. 4 otaqlı evi bəyənmədi, atasının 1 otaqlı mənzilində yaşamaq istədi.

Hadisə zamanı anam da evdə idi. Ona gəlinlə təkbətək söhbət edəcəyimi dedim. Ev 4 otaqlı idi, biz qardaşımın şəkilləri olan otaqda oturmuşduq. Ləman bütün suallara yox cavabı verdi. Onu boğazından sıxdım, divanın üstünə yıxıldı. Əlimi boynuna keçirərək boğdum. Ləmanı öldürmək fikrim yox idi. Beləfikrim olsaydı, 30-40 dəqiqə söhbət etmək əvəzinə, evə girən kimi öldürərdim. Hadisə olandan sonra əlim boşaldı, nəfəs alıb-almadığına baxdım”.

Məhkəmə baxışında həm zərərçəkmiş Ləmanın hüquqi varisinin özü, həm də onun nümayəndəsi məhkəməyə vəsatətlə müraciət ediblər. Onlar cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işini təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş ediblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatətini onunla əsaslandırıblar ki, təqsirləndirilən şəxs Ləmanı xuliqanlıq niyyəti ilə öldürüb.

Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmişi nəyə görə öldürməsini izah edə bilməyib, lakin cinayət işinin materiallarından, səsyazılarında zərərçəkmiş şəxsi zorla yanında saxlamaq istəməsi onun hüquqlarının məhdudlaşdırılması kimi müəyyən edilir.

Məhkəmə vəsatəti təmin edib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək cəza gözləyir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə mühakimə olunan şəxs 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər