Vətəndaşların etibarını qazanaraq biznes qurmaq adı ilə 2 milyon manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Cahangir Qəmbərov ifadə verib.
Cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb.
O, zərərçəkən Mütəllimov Əhməd Aydın oğluna 1.470.751 (bir milyon dörd yüz yetmiş min yeddi yüz əlli bir) manat, Rəşidov Tamerlan Elman oğluna 581.436 (beş yüz səksən bir min dörd yüz otuz altı) manat, Mixieva Liliya Talxovnaya 136 (yüz otuz altı min) manat, Əhmədov Aqif Çingiz oğluna 3400 (üç min dörd yüz) manat, Məlikov Hacıbala Qasım oğluna isə 2400 (iki min dörd yüz) manat ziyan vurmaqla dələduzluq edib.
İttiham aktına görə, Canahgir Qəmbərov adı zərəçəkmiş qismində keçən şəxslərin 3-nə söz verib ki, onlara İran İslam Respublikasından sənaye xammalı olan “PVS” (kroşka) alaraq Azərbaycana gətirəcək, burada həmin xammal məhsulu ilə elektrik örtükləri istehsal edərək baha qiymətə satacaq və əldə olunan yüksək gəlirə onları da özünə şərik edəcək.
Həmçinin Əhməd Mütəllimova “PVS” məhsulundan başqa “DOP” yağını idxal edə biləcəyinə söz verib. Cahangir Əhməd Mütəllimovu Abşeron rayonu Məhəmmədi kəndində zavod açıb elektrik kabel örtüyünü istehsal edərək yüksək qiymətə sataraq əldə olunacaq qazanca onu da şərik edəcəyinə dair yalandan vəd verərək aldadıb.
İttiham aktında göstərildiyi kimi, Əhməd Mütəllimov Cahangirə verdiyi pulların ödənişlərinə dair invoys qəbzlərinin surətlərini, saxta sənədləri, səs yazılarını istintaqa təqdim edib.
Məhkəmədə ifadə verən Changir Qəmbərov bildirib ki, 2012-ci ildən elektrik kabellərin satışı ilə məşğul olub: "2016-cı ildə bu iş üzrə zərərçəkmiş olan Liliya Muxievanın həyat yoldaşı Qəriblə tanış olmuşam. O, mənə PVS biznesi üçün 80 min dollar pul verib. Həmin pulu biznesə qoymuşam.
Qəribə xeyir olaraq 40-45 min dollar pul vermişəm. Tamerlan evini ipotekaya qoyub mənim adıma 200 min dollar pul çıxarıb, o pula mənim əlim belə dəyməyib. Həmin pulu da biznesə yatırmışam. Tamerlana 70 min dollara yaxın xeyir vermişəm. Əhməd Mütəllimovdan isə 2 milyon ABŞ dollardan artıq pul aldığımı etiraf edirəm. Onunla çox yaxın biznes əlaqələrimiz olub. Hacıbala Məlikova məxsus telefon dükanından 2400 manatlıq nisyə telefon götürmüşdüm, onu da evimdəkilər veriblər".
Cahangir Qəmbərovun məhkəmə prosesinin növbəti iclası iyulun 23-nə təyin edilib.
Xatırladaq ki, Cahangir Qəmbərov 13 iyul 2023-cü ildə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və ona bir neçə şikayətçinin ərizəsi əsasında Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb. 14 iyulda isə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona təqsirləndirilən şəxs qismində həbs- qətimkan tədbiri seçilib.