15 İyul 14:08
2 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda 1986-cı il təvəllüdlü Elşən (adlar şərti göstərilib – red.) əmisi oğlunun arvadı ilə eşq yaşamasını öyrənib, onlara qarşı cinayət törədib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elşən 11 avqust 2023-cü ildə əmisi oğlu Vəlinin üç il ərzində onun arvadı İradə ilə qeyri-rəsmi ər-arvad kimi yaşamasından xəbər tutub. O, Vəlidən qisas almaq qərarına gəlib.

Bu məqsədlə Goranboy rayonunun kəndində yerləşən qəbiristanlığa gedib, Vəlinin mərhum atası Sahibin dəfn edildiyi qəbrin üzərində quraşdırılmış sinə daşını və qəbrin ərtafında quraşdırılmış 2 güldanı sındırıb. Həmçinin başdaşına həkk edilmiş şəkii vuraraq zədələyib.

Bundan sonra o, əmisi oğlu Vəlinin anası Səmayə ilə birlikdə yaşadığı evə gedib. Evin həyətyanı sahəsində saxlanılan ot bağlamalarını kibritlə yandırıb.

Nəticədə 1850 manat dəyərində 300 ədəd saman və 200 ədəd yonca bağlaması, ot tayasının yaxınlığında yerləşən tövlənin 4420 manat dəyərində taxta konstruksiya və şiferdən ibarət dam örtüyü yanıb. Zərərçəkmişin ümumilikdə 6270 manat dəyərində əmlakı məhv edilib.

“Şübhələndim ki, arvadımla əmim oğlunun münasibəti var”

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, çobanlıqla məşğul olur, yay aylarında da Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yaylaqlarda heyvan otararaq çobanlıq edir:

“Vəli əmm oğludur, onunla qonşuluqda yaşayıram. İradə ilə 15 ildir, ailəliyəm, 3 övladımız var. Ər-arvad kimi münasibətimiz yaxşı olub. Hadisədən təxminən bir öncə şübhələndim ki, arvadımın əmim oğlu yaxın münasibəti var. Onların hər ikisini dəvət edərək söhbət etdim. Bildirdilər ki, bir-birinə bacı-qardaş deyirlər və aralarında heç bir münasibət ola bilməz. Mən də onlara inandım”.

“Arvadımın əmim oğlu ilə getdiyini bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan bir qədər sonra yenidən işləmək üçün Daşkəsən rayonuna yaylağa gedib: “Yaylaqda olanda anam zəng etdi, İradə 3 uşağı evdə qoyaraq əmim oğlu Vəli ilə ailə qurmaq məqsədi ilə evdən gedib. Xəbəri eşitdikdə əsəbləşdim və taksi ilə yaşadığım Goranboy rayonunun kəndinə gəldim. Evə gələndə 3 övladımı evdə, arvadım İradənin isə getdiyini gördüm.

Vəlilin anası Səmayə və onun mərhum ərinin ünvanına nalayiq ifadələr işlətdim. Səmayə “mənim Vəli adlı oğlum yoxdur, istəyirsən get onu öldür" dedi. Səmayəyə dedim ki, mənim sizinlə işim yoxdur”.

“Qəbiristanlığa getdim, güldanları daşla qırdım”

Elşənin ifadəsinə görə, saat 16 radələrində əmisi Akifin dəfn olunduğu kənd qəbirsanlığma gedib:

“Qəbiristanlıqda əmim Akifin qəbrinin üzərində quraşdırılmış mərmərləri daşla sındırdım. Qəbir daşının yanındakı güldanları qırdım. Daşla başdaşına həkk olunmuş şəklə bir neçə dəfə zərbə vurdum və şəkil zədələndi. Qəbiristanlıqdan çıxaraq evə gəldim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra əmisi oğlunun ot tayasını və evini yandırmaq qərarına gəluib: “Saat 18 radələrində Vəlinin evinə tərəf getdim. Həyətyanı sahənin çöl hissəsində təxminən 120 ədəd saman kipi olan tayanı kibritlə yandırdım. Saman quru olduğuna görə tez bir zamanda alışdı.

Bir neçə dəqiqə sonra həmin yerə qardaşım Vüsal gəldi və tayanı söndürməyə çalışsa da, bacarmadı.

Yaxınlıqdakı təxminən 20 metr uzunluqda 8 metr enində olan tövlənin dam örtüyü də tamamilə yandı. Daha sonra Vəlinin yaşadığı həyətə keçdim. Həyətdə heç kim yox idi. Vəlinin yaşadığı evin 5 pəncərənin şüşəsini daşla vurub sındırdım.

Sonra kibritlə siqaretimi yandırdım, yanan çöpü yerə atdım. Kibrit çöpü evdəki divanın üstünə düşdü və divan yanmağa başladı. Qardaşım gələrək əli ilə divanı söndürdü. Bu zaman onun da əli yandı. Bundan sonra yanğınsöndürənlər hadisə yerinə gəlib yanğını söndürdülər. Həmin yerə polis əməkdaşlarının gəldiyini görəndə oradan uzaqlaşaraq Bakı şəhərinə getdim”.

“Onların yaxın münasibətdə olduğunu bilməmişəm”

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, Vəli onun oğludur: “Ərim Akif 3 il qaba qölüb. Bizimlə qonşuluqda qaynımın Elşən yaşayır. Onunla arvadı İradə 15 ildir ki, ailəlidirlər.

Oğlumla İradə arasında yaxınlıq münasibətdən xəbərim olmayıb. Yalnız məlum hadisə zamanı bilmişəm ki, İradə oğlum Vəliyə qoşularaq ailə qurmaq məqsədi ilə qaçıb”.

Zərərçəkmiş qeyd edib ki, oğlu İradəni qaçırandan sonra Elşənin anası Rəsmiyə və qardaşı Vüsal gələrək onlarla mübahisə ediblər: “Saat 14:00-da eşitdim ki, Elşən yaylaqdan gəlir. Anladım ki, o da gələrək bizimlə mübahisə edəcək. Bu səbəbdən damda olan heyvanları götürüb digər kənddə yaşayan qardaşım evinə aparmaq istədim.

Heyvanları qapıdan çıxaranda Elşənin qardaşı Vüsal və anası Rəsmiyyə gəldilər, “bizim sizinlə işimiz yoxdur, heyvanları geri qaytar, Elşənin sizə nəisə eləməsinə imkan verməyəcəyik” dedilər. Mən də onlara inandım. Üç inəyi buzovlarla dama qaytardım. Ancaq 30 baş qoyunuı qardaşımgilə apardım.

Sonra isə Elşənin gələrək həyətdə və evdə yanğın törətdiyini eşitdim. Evdə divanın bir hissəsi yansa da, xoşbəxtlikdən orda olanlar yanğının qarşısını alıblar. Taya və dam tamamilə yanıb, içərisində olan heyvanları isə kənd sakinləri çölə çıxarıblar".

“Ərini qəbirdən çıxaracam, qəbrini dağıdacam” dedi”

Zərərçəkmişin sözlərinə görə, Elşən ona deyib ki, oğluna de, arvadını gətirsin: "Elşənə onların yerini bilmədiyimi söylədim. O da “gedəcəm, ərini qəbirdən çıxaracam, qəbrini dağıdacam” dedi. Onun əsəbləşdiyini, bir azdan sakitləşəcəyini düşündüm”.

Səmayənin ifadəsinə görə, növbəti gün, saat 13 radələrində qaynı Mahmudla birlikdə ərinin qəbrini ziyarət etmək üçün kəndlərində yerləşən qəbiristanlığa gedib: “Ora çatanda qəbrin yanına qoyulmuş güldanların sındığını, başdaşına həkk olunmuş şəkilin zədələndiyini və sinə daşının qırıldığını gördük”.

Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşən 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər