Siyəzən rayonunda 1983-cü il təvəllüdlü Elməddin həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) işgəncələe verib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 21 noyabr 2023-cü ildə saat 21:00-da Elməddin arvadı Aydanla onun atası evinə getmək istəyini bildirməsi səbəbilə dalaşıb. Arvadını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Daha sonra həmin ilin dekabrın 9-da təxminən saat 18-19 radələrində yaşadıqları evdə Aydanın qohumlarından birinin toy məclisinə getmək istəyinə əsəbləşib. Aydanın qolundan yumruqla vurub, ona xəsarətlər yetirib.
Sonuncu dəfə Elməddin həmin il dekabrın 11-də təxminən saat 14:30-da arvadı Aydanın valideynlərinin gəlməsinə və onların münasibətlərinə qarışmasını görə münaqişə yaradıb. O, yaşadıqları evdə Aydanın başından tutaraq divara vurub, bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona işgəncə verib.
İstintaq orqanı tərəfindən Elməddinin barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Aydanla 21 noyabr 2017-ci ildə rəsmi nikaha daxil olub, bu nikahdan 2018-ci il təvəllüdlü Rüfət və 2020-ci il təvəllüdlü Valeh adında iki oğlan övladları doğulub:
“Əvvəllər Aydan və onun valideynləri ilə aramızda münaqişələr yaşanıb, barəmdə əsassız şikayətlər edilib. 2023-cü il noyabrın 21-də heç bir hadisə baş verməyib, həmin ayın hazırda tarixini xatırlamadığım günündə atam Aydanı xəstə anasını ziyarət etmək atasıgilə atam aparıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin il dekabrın 10-da Siyəzən rayonunun kəndindəki evlərinin həyətində avtomobilini qaynaq edərkən Aydan yanına gəlib, xalasıgilin onları toya dəvət etdiyini bildirib: “Xalasının səsli mesajını mənə dinlətdi. Aydana işini bitirməli olduğunu bildirdim. Bir qədər sonra təkrar yanıma gəldi, xalasıgilə nə cavab verməli olduğunu soruşdu”.
Elməddinin ifadəsinə görə, həmin tarixdə dostunun da toy məclisi olduğunu və həmin məclisə gedəcəyini bildirib: “Aydana dayısı nəvəsinin Yevlax şəhərindəki toy məclisinə azyaşlı uşaqlarla getməyin vaxt itkisi olduğunu, atamın da xəstə yatdığını qeyd etdim. Növbəti gün, dekabrın 11-də səhər saatlarında Aydan dedi ki, atama deyəcəm, gəlib bizi aparsın. Mən isə razılaşmadım.
Evə qayıdanda Aydanın otaqdan çıxmadığını gördüm, özümə yemək hazırladım. Saat 14:30-da qayınanam Fərqanə, qayınatam Bahadur və Bahadurun mərhum qardaşı Səlim yaşadığımız evə gəldilər. Onları evə dəvət etdim. Qayınanam arvadımı heç bir yerə buraxmadığıma görə mənə irad bildirdi, mübahisə etməyə başladı. Mübahisə aramızda dartışmaqla nəticələndi. Bu zaman qayInatamın əli gözümə dəydi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Aydanın əşyalarını yığdığı çantalarını və azyaşlı uşaqlarını özü ilə aparmasına icazə verməyib. Mübahisə zamanı qayınanası onu nalayiq ifadələrlə təhqir etdiyi üçün ona cavab qaytarsa da, qayınanasını vurmayıb, ona xəsarət yetirməyib.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Elməddinlə nikaha daxil olduqdan bir il sonra ailələrində mütəmadi problemlər yaranmağa başlayıb: “Ata evinə qayıtsam da, ailə böyüklərimin təkidi ilə geri qayıtmışam. Hazırda nikahın pozulması üçün mediasiya sessiyasına müraciət etmişəm”.
Aydanın ifadəsinə görə, noyabrın 21-də Elməddindən atasıgilə getməsi üçün icazə istəsə də, ona icazə verilməyib: “Bununla yanaşı, qoluma şillə və yumruq zərbələri endirdi. Amma mən vəziyyətin düzələcəyini zənn elədim. Şikayət etmədim, həkim müayinəsinə getmədim. Bu zaman qayınatam və azyaşlı uşaqlarım da evdə idi.
Dekabrın 9-da saat 18-19 radələrində xalam mobil telefonuma votsapdan səsli mesaj göndərdi, bizi dayım Eldarın dekabrın 16-da Yevlax şəhərinə, nəvələrinin kiçik toy məclisinə dəvət elədi. Bu barədə Elməddinə bildirdim, mesajı ona dinlətdim. Elməddin həmin tarixdə başqa toy məclisinə dəvət aldığını söylədi, mənim atamgillə dayım nəvələrinin kiçik toy məclisinə getməyimə razılıq vermədi”.
Aydan qeyd edib ki, yaranmış mübahisə zamanı Elməddin onu nalayiq ifadələrlə təhqir edib, sol qol nahiyəsinə yumruq zərbələri endirib: “Növbəti gün, dekabrın 10-da anama zəng vurdum və Elməddin tərəfindən mütəmadi işgəncələrə məruz qaldığımı bildidim. Anamdan məni evə aparmasını istədim. Yoxsa özümü öldürəcəyimi dedim”.
Aydanın sözlərinə görə, dekabrın 11-də saat 14:30-da anası və mərhum əmisi atasının avtomobil ilə yaşadıqları evə gəliblər: “Elməddin valideynlərimlə küsülü olsa da, həmin vaxt onları dindirdi, mənim ata evimə qayıtmağımı istəmədiyini bildirdi. Mən isə ailədaxili münasibətlərimi bütün çılpaqlığı ilə onlara danışdım.
Elməddin ata evimə getməyim üçün əşyalarımı yığdığım çantamı əlimdən aldı, azyaşlı övladımın mənimlə getməsinə maneçilik törətdi. Mən pilləkənlə düşərkən Elməddin saçlarımdan dartdı, sürüyərək evə qaytardı. Evdə boğazımdan sıxdı, başımı divara vurdu, “səni öldürərəm, amma getməyə qoymaram” - dedi.
Evin həyətində gözləyən anamı köməyinə çağırsam da, Elməddin anamın da saçlarından tutaraq itələdi, yerə yıxdı. Anamın baş nahiyəsi beton örtüyə dəydi. Elməddin bizi ayırmağa gəlmiş mərhum əmimin də əlinə zərbə vurdu.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermək istəyən atam gərginlik keçirdiyi üçün xidmətin əməkdaşı ilə özüm danışdım. Siyəzən Rayon Polis Şöbəsinə gedərək şikayət etdim”.
Bu cinayət işinə Siyəzən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elməddin 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılıb.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilib.