Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən Firdovsi Yusifov və Taleh Soltanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Taleh Soltanov bildirib ki, məqsədi şəriət dövlətində yaşamaq olub. Onun sözlərinə görə, 2010-cu ildən namaz qılmağa başlamışam. Bir müddət sonra özü kimi dini inanclı bir qızla ailə həyatı qurduğunu deyən təqsirləndfirilən şəxs Pakistanda şəriət dövlətinin qurulduğunu eşidib və orada yaşamağa gedib.
Firdovsi Yusifov qeyd edib ki, Pakistana şəriət dövlətində yaşamaq məqsədi ilə gedib: “İlk öncə Türkiyəyə getdim. Məqsədim oradan Pakistana hicrət etmək idi. Bilirsiniz, mən, dini də elmlə mənimsəyən adamam. Mən də Taleh kimi Miranşah şəhərinə getdim. Orada azərbaycanlılardan ibarət qəbiləyə qoşuldum. O zaman orada qəbilə başçısı Elçin Misirxanov idi. Bir müddətdən Elçin öldü. Yaşım çox olduğundan məni orda əmir seçdilər. Çünki oradakıların çoxu gənc idi. Uzun vaxt orada çox çətinliklə yaşadım. Bir gün anladım ki, burada şəriət dövləti yoxdur. Gözlədiklərimi görə bilmədim.
Ailəmi oradan çıxarmaq fikrinə gəldim. Həmin günü komendant saatı olduğunu bilmədim. Postu keçən zaman döyüş başladı. Ayağımdan yaralandım. Dağları, təpələri yaralı-yaralı keçdim. Yerdə qalanını Taleh danışdı. İrana gəldim. Məqsədim Türkiyəyə getmək idi. Azərbaycana qayıtmaq istəmirdim. Bilirdim ki, qayıdan zaman bu qara zindanı görəcəm”.
Məhkəmə prosesi martın 18-i davam etdiriləcək.
Qeyd edək ki,hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib.
İttiham aktına görə, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Hacı Zeynalov