Ali Məhkəmədə adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Knyaz Knyazlının kasasiya şikayətinə baxılıb. İttihama görə, 2014-cü ilin avqustun 30-da Knyaz Knyazlı Bakı sakini Ceyhun Məqsədovu bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. 1992-ci il təvəllüdlü Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub. İstintaq orqanı Yusif Məhərrəmova soyuq silahlı saxlama ittihamı verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Knyaz Knyazlı 10 il müddətinə azadlıqdan məhrum edilib. Yusif Məhərrəmli isə 1 il cəza alıb. Onun həbsdə yatdığı günlə təyin olunan cəza hesablanaraq məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Knyaz Knyazlının vəkili apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, Knyaz Knyazlının cinayət hadisəsini törətməkdə sübut olmayıb. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin ilkin baxış iclasında müdafiə tərəfi apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə aparılmasını istəyiblər. Lakin hakim kollegiyası müdafiə tərəfinin bu istəyini nəzərə almayıb və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər.
İlkin baxış iclasının qərarından narazı qalan Knyaz Knyazlının müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti ünvanlayıb. Müdafiəçi kasasiya şikayətində qeyd edib ki, apelyasiya instansiyası məhkəməsində keçirilən ilkin baxış iclasının qərarı ləğv edilməsini və onların şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılsın. Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrlik etdiyi kollegiyada Knyaz Knyazlının müdafiəçsinin şikayəti təmin edilib. Hakimlər apelyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv ediblər və işə məhkəmə istintaqı ilə aparılması barədə qərar qəbul ediblər. İş materialları yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə verən Yusif Məhərrəmov bildirib ki, qətlin Knyaz Knyazlı tərəfindən törəıdilməyib. Onun sözlərinə görə, Ceyhun Maqsudovu onun özü qətlə yetirib. Yusif Məhərrəmov müstəntiqin saxtakarlığını etiraf edərək, cinayətin Knyaz Knyazlının boynuna atıldığını qeyd edib.
Hacı Zeynalov