“Parabank” ASC-nin “Masallı” şöbəsinin sabiq əməkdaşlarının qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cəmiyyətin “Masallı” şöbəsinin sabiq müdiri Ramiz Rəhimovun, sabiq satış mütəxəssisi Coşqun Həsənov, sabiq xəzinədar Əmrağa Həsənov, qiymətləndirici zərgər Rəhman Ağayev və digərlərinin qabaqcadan əlbir olublar.
Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaların qablaşdırılması və girov qismində qəbul edilən qiymətli metalların qiymətini süni surətdə şişirdilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.
Dəstə üzvləri cəmiyyətə 127 min manat məbləğində ziyan vurublar. Habelə C.Həsənovun 13 müştəri üzrə banka ödənilməli olan 15 min 500 manat məbləğində pul vəsaitini mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov