20 May 2015 13:30
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Quba sakini Amanət Hacıbalayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, 1976-cı il təvəllüdlü Amanət Hacıbalayev ötən il aprelin 12-də evinin həyətyanı sahəsində çəpər qonşusu Əsədulla Bəybalayevlə torpaq üstə mübahisə edib. Bu zaman o, Əsədullanın kürəyinə və baş nahiyəsinə bellə zərbə endirib. Əsədulla ağır travmatik şokla müşayiət olunan xəsarətlər alıb.

Amanət Hacıbalayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən apelyasiya şikayəti verərək hökmün ləğvini istəyib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən apelyasiya prosesində Amanət Hacıbalayev bildirib ki, Əsədulla Bəybalayevlə əvvəllər münasibətləri yaxşı olub: "Qonşuluqda aramızda heç bir ədavət, düşmənçilik olmayıb. Lakin təxminən bir ilə yaxındır çəpər üstündə mübahisəmiz başlayıb. Əsədullanın həyətyanı torpaq sahəsi ilə mənim yaşadığım evin həyətyanı torpaq sahəsi həmsərhəddir. Arada dəmir tor var. Əsədulla həmin dəmir torun payalarının yerini dəyişərək, mənim həyətimə tərəf basdırıb. Dəfələrlə Əsədullaya çəpəri düzəltməsini desəm də, sözümə əhəmiyyət verməyib, öz bildiyini edib".

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 12-də, saat 23 radələrində heyvanlara baxmaq üçün evindən həyətə düşüb: "Bu zaman Əsədullanı mənimlə sərhəd olan çəpər tərəfdə gördüm. Yaxınlaşaraq salamlaşdım və gecə vaxtı burada nə etdiyini soruşdum. Əsədulla "payaları basdırıb, çəpəri çəkəcəm" deyə cavab verdi. Əsədulladan "gecə vaxtı paya basdırıb, çəpər çəkmək olar?" deyə soruşdum. O, gündüz vaxtı olmadığını bildirdi.

Əsədullaya payaları düzgün basdırmağı məsləhət gördüm. Torpaq sahəsinin sərhədi ilə bağlı yenidən aramızda mübahisə yarandı . Əsədulla "baxaq görək sən bu evdə yaşaya biləcəksən" deyə-deyə mənim həyətimə keçdi. Onun əlində beli gördüm və bu səbəbdən geri çəkildim. Əlindəki bellə başıma vurmaq istədi. Başımı geri çəkdiyim üçün zərbə kürəyimi tutdu".

Amanət Hacıbalayev qeyd edib ki, həmin vaxt hadisə yerinə Əsədullanın oğlu Urfan Bəybalayev də gəlib: "Urfan paxla şaxı götürərək kürəyimə vurdu. Qaranlıq olduğundan o, həmin paxla şaxı ilə həm məni, həm də səhvən atası Əsədullanı vurdu. Ata-oğulun bu hərəkətlərindən əsəbləşdim, Əsədullanın ailəsinin ünvanına nalayiq söyüşlər söydüm. Beli Əsədullanın əlindən aldım, ona zərbə endirdim. Bu zaman belin dəmir hissəsinin kəsici yeri Əsədullanın sağ qoluna dəydi.

Əsəbi olduğumdan Əsədullanı yenidən bellə vurmaq istəyəndə səs-küyə gələn qardaşım Ümid Hacıbalayev əlimdəki beli məndən alıb kənara tulladı. Həmin beli yerdən götürdüm və yenidən vurmaq imkanım olsa da, bunu etmədim. Ümid məni öz evimə tərəf yola saldıqdan sonra Əsədulla ilə Urfanı da evlərinə ötürüb.

Əsədullanın əlindən aldığım beli özümlə götürərək evimə getdim. Evdə bir rumka araq içdım. Təxminən bir saatdan sonra polis əməkdaşları gəldi və məni şöbəyə gətirdilər. Əsədullaya xəsarət yetirdiyim beli də özümlə götürdüm və polisə təqdim etdim".

Zərərçəkmiş Əsədulla Bəybalayev bildirib ki Amanət Hacıbalayevlə təxminən 40 ilə yaxındır qonşudurlar: "Bizim həyətlərini dəmir tor ayırır. Əvvəllər Amanətlə münasibətim yaxşı olsa da, son vaxtlar çəpər üstündə mübahisələrimiz yaranıb. Amanət hər dəfə çəpəri bir az geri çəkməyimi istəyib. Aprelin 12-də, saat 23 radələrində həyətə baxmaq üçün evdən çıxdım. Amanətin yaşadığı evin həyətyanı torpaq sahəsi ilə olan araya gəldim. Amanət də oradaydı, o, çəpəri geriyə çəkməli olduğumu dedi.

Razılaşmadım, bu zaman o, mənim və ailəmin ünvanına nalayiq söyüşlər söydü. Əlimdəki bellə Amanətin kürəyinə yavaşca bir zərbə vurdum. O, əlimdəki beli alaraq mən olan tərəf keçdi və məni vurmaq istədi. Qolumu yuxarı qaldırdım ki, özümü müdafiə edim. Belin iti ağzı sağ qoluma dəydi".

Təqsirləndirilən şəxsin vəkili Yalçın İmanov bildirib ki, zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertiza rəyi əsassızdır: "Təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən özünü müdafiə edərkən ona xəsarət yetirməsi ilə əlaqədar əməli düzgün hüquqi qiymət verilməsini xahiş edirəm".

Dövlət ittihamçısı Teymur Əsədov müdafiə tərəfinin apelyasiya şikayətinə etiraz edib.

Hakim heyəti sonda apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Amanət Haıbalayevin cəzası 4 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif: