Bakı Apelyasiya Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “Jiquli” qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Tural Rəhimovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə Tural Rəhimovun anket məlumatları, həmçinin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı iyunun 8-nə təyin edilib.
Qeyd edək ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.
Hacı Zeynalov