8 İyun 2015 15:35
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində gecə klubunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Zaur Abdullayev, Tural və Rəşad Ququşovların cinayət işi üzrə məhkəmə başa çatıb.


Teleqraf.com xəbər verir ki, 2013-cü ilin avqustun 18-də paytaxtın Xəqani küçəsində “Troya” gecə klubunda bir neçə şəxs arasında dava baş verib. Hadisə nəticəsində xəsarət alan Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov xəstəxanaya yerləşdiriliblər. Səbuhi Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub. Tural və Rəşad Ququşovlar isə istintaqa cəlb olunsalar da, onların barələrində həbs-qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, Tural və Rəşad əmioğludurlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Tural və Rəşad Ququşovlar isə məhkəmə zalından həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxslərdə cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti veriblər.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətinə məhkəmə qərarı açıqlanıb. Qərara görə, Zaur Abdullayevin cəzası 10 ilə endirilib. Tural Ququşova 2 il islah işləri cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Rəşad Ququşovla bağlı hökm dəyişdirilmədən saxlanılıb.

Prokurorluğun protesti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər