Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvlərinin məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü İslam Səmədov 2014-cü ilin fevral ayının əvvəlində İran İslam Respublikasında yaşayan şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan şəxslərlə və tanışı, 1984-cü il təvəllüdlü Əli Ağayev İrandan Azərbyacanad külli miqdarda narkotik vasitə gətirmək barədə sövdələşiblər.
İslam Səmədov daha sonra tanışı, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovan pul müqabilində narkotik vasitəni gizlətməklə Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli keçirməyə razılaşdırıb.
O, aralarındakı razılaşmaya əsasən 12 fevral 2014-cü il tarixdə Əli Ağayevə 1500 ABŞ dolları verib. Ona Xəyalə Hüseynova ilə birlikdə 13 fevral 2014-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərinə gedib orada qrupun digər üzvündən həmin məbləğdə pul müqabilində külli miqdarda heroin narkotik vasitəsini əldə edərək ölkəmizə gətirmələri barədə göstəriş verib. Onun göstərişinə əsasən Əli Ağayev Xəyalə Hüseynova ilə birgə 13 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan İran İslam Respublikasının Biləsuvar şəhərinə keçib. Onlar İranda şəxsiyyəti müəyyənləşdirilməmiş qrup üzvünə qeyd olunan məbləğdə pulu verib və əvəzində 181,105 qram çəkidə heroin narkotik vasitəsini alıb.
Əli Ağayev 1 sellofan bükümündə narkotik vasitəni Xəyalə Hüseynovanın cinsiyyət orqanına yerləşdirib və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daşıyaraq həmin gün saat 17 radələrində Əli Ağayevin müşayiəti ilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Səmədov 8 il 11 ay 28 gün, Əli Ağayev 8 il 6 ay, Xəyalə Hüseynova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov