6 Avqust 2015 12:31
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə avqustun 10-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Səhər saat 10.00-a təyin olunmuş prosesdə yarım saatlıq fasilə elan edilib. Buna səbəb Arif Yunusun səhhəti pisləşməsi olub. Məhkəməyə Arif Yunusu müayinə etmək üçün həkim çağırılıb. Fasilə zamanı Leyla Yunus məhkəmə heyətini, jurnalistləri təhqir edib.


Fasilədən sonra proses dövlət ittihamçısı Fərid Nağıyevin çıxışı ilə davam edib. Prokuror un sözlərinə görə, qanunsuz sahibkarlıqla məşğul olan Leyla Yunus 526 min manat vəsait əldə edib və həmin vəsaitdən vergi ödəməyib. Prokuror bildirib ki, vergidən yayınma faktı istintaq prosesində təsdiqini tapıb: “Leyla Yunus Sülh və Demokratiya İnstitutunun gəliri ilə bağlı Vergilər Nazirliyinin və digər qurumları məlumatlandırmayıb. Pul vəsaiti ilə bağlı yalnız Maliyyə Nazirliyinə rəqəmlər təqdim edib. O, fəaliyyəti ilə bağlı Sosial Müdafiə Fonduna da hesabatlar təqdim etməyib. Bununla da Leyla Yunus 369 min manatdan çox vergidən yayınıb”.

Dövlət ittihamçısı bildirib ki, “Accessbank”da Leyla Yunusun adına 17, Arif Yunusun adına 14, “Unibank”da Leyla Yunusun adına 19, Arif Yunusun adına 4 hesab olub. Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-ü qeydiyyatdan keçirib. Prokurorun sözlərinə görə, məhkəmədə dindirilən bank nümayəndələri həm Leyla Yunusun, həm də Arif Yunusun külli miqdarda vəsaiti xarici banklara transfer etdiyini təsdiqləyiblər. Beləliklə, Leyla Yunusun rəhbərlik etdiyi cəmiyyətin hesabından öz şəxsi bank hesabına pullar köçürdüyü təsdiqini tapıb: “Cinayət Məcəlləsinin onlara verilmiş müvafiq maddələri istintaq orqanı tərəfindən düzgün tövsüf edilib”.

Prokuror bildirib ki, “Azərbaycanlı qadınları Ön Qafqazda” ictimai birliyində Leyla Yunus təsisçi olmayıb: “Leyla Yunus cəmiyyətdə sədr müavini kimi qeydiyyatı olmayıb. Onun cəmiyyətin iclaslarında adı katib kimi də keçməyib”.

Fərid Nağıyevin sözlərinə görə, Leyla Yunus müstəntiqin çağırışından 9 dəfə yayınıb: “Müstəntiq Leyla Yunusla telefon əlaqəsi saxlayıb və bu zaman o, müstəntiqi təhqir edib. Aprelin 28-də saat 18.00-da Leyla Yunusa istintaqa çağırılması ilə bağlı çağırış vərəqəsi verilib. Həm Leyla Yunus, həm də Arif Yunus həmin gün saat 23.15-də aeroportda saxlanılıb. Onlar ölkədən qaçmağa cəhd ediblər. Onlar biletləri Azərbaycandan yox, xaricdən elektron vasitəsi ilə alıblar ki, ölkədən qaçmalarından heç kim xəbər tutmasın. Saxlanılarkən belə fikir yaradıblar ki, guya xaricdə hansısa tədbir də iştirak etmək üçün gediblər. Onda nə səbəbdən müstəntiqin göndərdiyi çağırış vərəqəsinə xaricdə tədbirdə iştirak etməyə yollanmalarını, geri qayıdandan sonra istintaqın çağırışına gələcəklərini qeyd etməyiblər? Burada bir daha aydın olur ki, həm Leyla Yunus, həm də Arif Yunus ölkədən qaçmaq istəyiblər, törətdikləri cinayətlərdən yayınmağa çalışıblar”.

Prokuror həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib. Prokuror çıxışının sonunda qeyd edib ki, hər iki təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmalıdır.

Prokuror Leyla Yunusun 11, Arif Yunusun isə 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası avqustun 10-da müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər