3 Sentyabr 2015 17:32
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Mirazad Mirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Mirazad Mirəliyev qaynı Fəxrəddin Baloğlanovun icarəyə götürərək işlətdiyi Hökməli-Qobu yolunun kənarında yerləşən “Vişnəlik” çayxanasında Telman Səfərəliyevlə birlikdə 2013-cü ildən torpaq alqı-satqısında vasitəçiliklə məşğul olub. Ancaq yeznə-qayın arasında narazılıq yaranıb. Buna görə 2014-cü ilin əvvəlində Mirazad Mirəliyev Telman Səfərəliyevlə çayxanadan çıxaraq yolun əks tərəfində yerləşən bir otaqlı tikilidən ofis kimi istifadə edib.

Bundan sonra həmin çayxanada torpaq alqı-satqısı ilə Mirazad Mirəliyevin yaxın qohumu Mürvət Səfərov və Fəxrəddin Baloğlanov məşğul olmağa başlayıblar. Bu səbəbdən onların arasında münaqişəli münasibətlər yaranıb.

2014-cü il aprelin 22-də Mirazad Mirəliyev müştərilərlə söhbətləşdiyi zaman Mürvət onu növbəti dəfə hədələyib. Əsəbləşən Mirazad yolu keçib Fəxrəddin Baloğlanova məxsus çayxanaya gəlib, Mürvəti qohumu Malik Səfərəliyevlə çay içən görüb. O, Mürvətdən nə üçün onu söyüb-təhqir etdiyini soruşub. Mürvət ona “yaxşı edirəm, dur, burdan rədd ol” deyə cavab verib.

10 il cəza və narazılıq

Bu zaman Mürvət bıçaqla Mirazadı vurmaq istəyib. Özünü itirən Mirazad çayxanadan çıxıb. Malik Səfərəliyev və həmin vaxt çayxanada olmuş Əkrəm Məmmədov Mürvəti saxlayaraq sakitləşdirmək istəyiblər. Buna baxmayaraq, Mürvət onların əlindən çıxıb və bıçaqla Mirazadın üstünə cumub.
Mirazad özündə olan bıçaqla Mirvəti vuraraq öldürüb.

İstintaq orqanı Mirazad Mirəliyevi Cinayət Məcəlləsininm 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsi Mirazad Mirəliyevə 10 il cəza kəsib.

Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib, Mirazad Mirəliyevə daha ağır cəza verilməsini xahiş edib.

Həmçinin Mirazad Mirəliyevin vəkili Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və ona həmin maddə üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyinini xahiş edib.

Hər iki şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Əldə etdiyim gəlirlə ailəmi dolandırmışam”

Məhkəmədə ifadə verən Mirazad Mirələmov ittiham olunduğu cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, mərhum Mürvət Səfərovu həmkəndlisi kimi tanıyıb: “Hökməli qəsəbəsində torpaq alqı-satqısı üzrə vasitəçi işləmişəm. Əldə etdiyim gəlirlə ailəmi dolandırmışam. 2013-cü ilin yay aylarından Hökməlidə qaynım Fəxrəddin Baloğlanovun işlətdiyi ”Vişnəlik" adlı çayxanada oturaraq torpaq alqı-satqısı ilə bağlı müştəriləri qarşılamışam, onlarla həmin çayxanada danışmışam.
Son iki-üç il ərzində yoldaşımın bibisi oğlu, Bəyağa kimi tanınan Telman Səfərov da mənimlə bir yerdə torpaq alqı-satqısı ilə məşğul olub. Bəyağa, eyni zamanda, Mürvət Səfərovun əmisi oğludur. Amma onların münasibəti yaxşı deyildi.

Son bir neçə ayda qaynım Fəxrəddinin də mənimlə bir yerdə işləmək istədiyini hiss etdim. Fəxrəddinin bu işi bilmədiyini, müştəriləri olmadığını bildiyim üçün onunla işləmək istəmədim. Buna görə də o, çayxanasında oturduğuma görə tez-tez deyinməyə başladı. Sonra Bəyağa ilə məsləhətləşərək Fəxrəddinin çayxanasından çıxdıq və bir yer icarəyə götürərək ofis açmaq qərarına gəldik.

Hadisədən təxminən iki ay əvvəl Bəyağa ilə birlikdə Fəxrəddinin işlətdiyi çayxanaya üzbəüz, yolun əks tərəfində bacım oğlu Mahirdən icarəyə yer götürdük. Biz çıxan kimi Fəxrəddin və Mürvət çayxanada torpaq alqı-satqısı ilə məşğul olmağa başladılar.

Bir neçə gün sonra Mürvət öz avtomobili ilə işlədiyim ofisin qarşısına gəldi və əsəbi halda qışqıraraq maşında oturmağımı istədi. Həmin vaxt bacım oğlu Mahirlə birlikdə ofisin qarşısında dayanmışdıq. Artıq söz-söhbət olmaması üçün avtomobilə əyləşdim. Mürvət maşını Qobu istiqamətində sürətlə sürərək söyüş söyə-söyə danışmağa, hədə-qorxu gəlməyə başladı. Mürvət mənə özümü çox yuxarıdan aparmağımı irad tutdu, özünü yığışdır dedi. Bu söhbətin Fəxrəddinlə mənim aramda olduğunu söylədim, onunla yeznə-qayınlığımı xatırlatdım. Dedim ki, bizim aramıza girmə. Lakin Mürvət mənə qulaq asmadı, söyməkdə davam etdi".

“Bıçağı sağa-sola hərlədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 22-də, saat 12 radələrində ofisin qarşısında dayandığı zaman Mürvət maşını ilə Qobu istiqamətində gedərkən yenə əl-qol hərəkətləri ilə söyüş söyüb: “Mürvətin məni dəfələrlə söyüb, kənd adamları və müştərilərin içində təhqir etməsindən əsəbləşmişdim. Artıq vəziyyət o dərəcəyə gəlmişdi ki, kənddə tanışlar içində utanırdım, başımı yuxarı qaldıra bilmirdim. Əslində isə utanılacaq iş görməmişdim. Ona görə Mürvətdən məni nə üçün söydüyünü soruşmaq qərarına gəldim.

Təxminən 5-10 dəqiqə sonra Mürvət avtomobilini çayxananın qarşısında saxlayaraq içəri girdi. Yanımdakı müştəriləri yola saldıqdan sonra Mürvətlə danışmaq məqsədilə çayxanaya getdim. Ondan nə üçün məni söydüyünü, məndən nə istədiyini soruşdum. Dedim ki, kənddə adamların arasında artıq biabır olmuşam, harada rast gəlirsən, məni söyürsən.

Bu vaxt o, ayağa qalxaraq yan tərəfdə olan pencəyindən nə isə götürərək mənə tərəf gəldi. Söyə-söyə getməyimi tələb etdi, daha sonra yaxamdan dartmağa başladı. Köynəyimin yaxası cırıldı, ardınca Mürvət yumruqla ağzımdan vurdu. Bir an içində Mürvətin əlində bıçaq olduğunu gördüm.

O, zərbə endirəndə qolumu qabağa verərək bıçağı aşağı saldım, zərbə ayağıma dəydi. Yenidən bıçaqla zərbə endirmək istədi. Masanın üzərindəki çayniki götürüb Mürvətin sol qulaq nahiyəsinə vurdum. Bir anlıq özünü itirdiyindən dərhal çayxanadan bayıra çıxdım.

Mürvətin qaynı Malik və yaxınlıqda tikinti materialları dükanı işlədən Əkrəm bizi ayırmağa çalışdılar. Mürvət arxamca bayıra çıxaraq məni bıçaqla vurmaq istədi. Özümü müdafiə etmək məqsədilə cibimdə gəzdirdiyim cib bıçağını Mürvətin qarşısında sağa-sola hərləməyə başladım. O, növbəti dəfə üzərimə bıçaqla gəldi. Həmin vaxt əlimdəki bıçaq onun döş qəfəsinə dəydi. Yıxıldı və durmadı. Mən ofisə qayıdaraq əynimdəki cırılmış köynəyi çıxardım, yerə tullayaraq evə getdim".

Zərərçəkmiş şəxsin həyat yoldaşı və hüquqi varisi Kəmalə Səfərova bildirib ki, Mürvət öz avtomobili ilə taksi sürücüsü işləyib. O, hadisənin baş verməsindən, Mürvətin xəstəxanada ölməsindən danışaraq qeyd edib ki, təqsirləndirlən şəxsin qohumları dəfn xərclərinə kömək etmək istəsələr də, o, qəbul etməyib: “Onların köməyindən imtina etdim. Təqsirləndirilən şəxsin layiqli cəzası almasını istəyirəm”.

Hakim heyəti sonda təqsirləndirilən şəxs barəsində hökmün dəyişdirilməsi barədə qərar qəbul edib. Mirazad Mirələmovun əməli Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilib və cəzası 2 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər