4 Sentyabr 2015 17:38
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə “Birlik-Inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, istintaq araşdırması zamanı cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib.

Bundan başqa, məlum olub ki, “Birlik-Inşaat” MMC vergidən də yayınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Soltan Məhərrəmov 14 il, Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən Elman Tağıyev və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, Elman Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib.

Cinayət işi üzrə təqsirləndirilən Eyvaz Fərəcovun vəfat etməsi ilə bağlı olaraq onun barəsində olan cinayət işinə xitam verilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində , hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında müdafiə tərəfi işə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin hakimlər müdafiə tərəfinin vəsatətini təmin etməyiblər. İşə məhkəmə istintaqı ilə aparılmadan baxılması barədə qərar qəbul ediblər.

Qərardan təqsirləndirilən şəxslərin vəkilləri kasasiya şikayəti veriblər. Onlar kasasiya şikayətlərində apelyasiya instansiyasında cinayət işinin məhkəmə istintaqı ilə araşdırılmasını istəyiblər. Bu səbəbdən də apelyasiya instansiyasında işin icraatı dayandırılıb və cinayət işinin materialları baxılması üçün yenidən Ali Məhkəməyə göndərilib.

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kasasiya şikayəti təmin edilib və Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarı ləğv edilib. İş apelyasiya instansiyasında başqa hakim tərkibində baxılması barədə qərar verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər