6 Oktyabr 2015 16:40
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qumarxana təşkilatçıları həbs edilib

Sumqayıt Apelyasiya Məhkəməsində qumarxana təşkil etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Xələfov, Cavad Ağayev və Xətai Əliyevin cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, istintaq materiallarında bildirilir ki, Anar Xələfov tamah məqsədi ilə tanışları Teyfur Əliosmanov, Cavad Ağayev və Xətai Əliyevlə qumar oyunları keçirmək qərarına gəlib. Razılaşmaya əsasən, o, Cavad Ağayevin icarəyə götürdüyü Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki yaşayış evinin yan tərəfindəki qeyri-yaşayış sahəsində fəaliyyət göstərən kafeni 19 kompüter dəsti və internet xətti ilə təchiz edib. Həmin kompüterlərlə uduşlu kazino-qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib.

29 may 2014-cü ildən hər gün saat 10 radələrindən gecə saat 1-dək müştərilər tərəfindən ödənilən müəyyən məbləğdə pul müqabilində Teyfur Əliosmanovun onlara verdiyi 12 rəqəmli şifrələr əsasında oynanılan, uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan “online” kazino qumar oyunları keçirilib.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olub. Həmin idarənin əməkdaşları 31 may 2014-cü il tarixdə, saat 16.30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən obyektə baxış keçirib. Baxış zamanı müştərilərin kompüterlərlə qumar oynadıqları müəyyən edilib.

Oradan maqnit informasiya yaddaş daşıyıcısında “Novoaz_147" adlı online pul uduşlu oyunlar üçün nəzərdə tutulmuş proqramın müəyyən olunduğu 19 kompüter dəsti, qumar oyunlarından əldə edilmiş 19 manat, qumar oyunları üçün nəzərdə tutulmuş kodların yazıldığı 6 kağız parçası və içərisində ”Novoaz_147" adlı online proqramı olan 1 xarici yaddaş kartı aşkar edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham ediliblər.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Anar Xələfov 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - Cavad Ağayev və Xətai Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Anar Xələfov apelyasiya şikayəti verərək işinə yenidən baxılmasını istəyib. Şərti cəza alan digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti verməyiblər.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Anar Xələfov bildirib ki, qumarxanın açılmasında, yəni kompüter və digər avadanlığın alınmasında, obyektin icarəyə götürülməsində, kazinoda işləmək üçün adamların tapılmasında və onlarla danışıqların aparılmasında onun heç bir iştirakı olmayıb: “Xətai Əliyev mənə Cavad Ağayevin qumarxana açdığını dedi. Təklif etdi ki, gələcəkdə yarana biləcək problemləri həll edə bilsəm, ona şərik ola bilərəm. Mən də səhvə yol verərək, Xətainin təklifi ilə razılaşmışam. Kazinonun açılışında heç bir rolum olmayıb. Xətainin təklifinə razılıq verdiyimə görə peşmanam. Bir daha belə hərəkətlərə yol verməyəcəm”.

Təqsirləndirilən şəxs daha sonra hakim heyətindən cavanlığını və himayəsindəki azyaşlı uşağın olmasının nəzərə alınmasını, ona daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

Dövlət ittihamçısı Teymur Əsədov təqsirləndirilən şəxsin apelyasiya şikayətinə etirazını bildirib. O, qeyd edib ki, apelyasiya şikayətinin əsassızdır və təmin edilməməlidir.

Təqsirləndirilən şəxsin vəkili İlkin Mustafayev apelyasiya şikayətini müdafiə edib.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayəti üzrə qərar elan edib. Anar Xələfovun cəzası 1 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər