23 Dekabr 2015 14:09
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qaradağ rayonunda baş verən silahlı insidentlə bağlı növbəti açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında 6 nəfərə tüfəngdən açdığı atəşlə xəsarət yetirib hadisə yerini tərk etmiş Məhərrəm Əliyev və Zaqatala rayon sakini Samir Epdiyev tutulublar.

M.Əliyevdən hadisəni törədərkən istifadə etdiyi “Bunta Maqnum” markalı tüfəng götürülüb.

Qeyd edək ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Dekabrın 21-də, gecə saatlarında Bakının Lökbatan qəsəbəsində yerləşən “Zeytə park” adlanan restoranda atışma nəticəsində ən azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub. Hadisə nəticəsində Ədalət Həsənov və iki azyaşlı oğlu - Orxan və Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və atəş açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Zeytə” restoranının qarşısında silahlı insidentin Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs tərəfindən törədilməsi müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər