5 Fevral 2016 13:21
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər.

Daha sonra həmin şəxslər qadının evinə basqın ediblər və evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar. Şakir Orucov və Röyal Əhmədov imkanlı adam olduqlarını hesab etdikləri Tahirə Əhmədovanın evinə basqın ediblər və 6 min manat dəyərində qızıl oğurlayıblar.

Lakin qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər. Şakir Orucov və Röyal Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Paytaxda Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər. 2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şakir Orucov ömürlük, Röyal Əhmədov 20 il, digər şəxslərin hər biri isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Şakir Orucova ömürlük, Röyal Əhmədova 20 il, digərlərinə isə 14 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər