13 Fevral 2016 14:19
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövlət (İŞİD) terror təşkilatının tərkibinə qoşulmaqda ittiham olunan Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Rahim Hacıyevin məhkəməsi başa çatıb.

İttihama görə, Rahim Hacıyev Azərbaycan vətəndaşı Aqil Hümbətov və digərləri ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “An Nusra” Cəbhəsi adlı cinayətkar birliyin tərkibinə daxil olub.

İstintaq müəyyən edib ki, Rahim Hacıyev Türkiyəyə, oradan da Suriyaya getmək məqsədilə özünün “Ford Tranzit” markalı avtomobilini 11 min dollara satıb. Həmin pulla 30 oktyabr 2014-cü ildə Şəki şəhərindəki aviakassadan Gəncə-İstanbul aviareysinə birtərəfli bilet, eləcə də sıralarına qoşulacağı birliyin üzvlərinə tibbi yardım üçün 80 “İmodium” kapsulası, 2 “Tribeklon” və 2 “Dermoveyt” kremləri, 120 “Çitromon” həbi alıb.

Rahim Hacıyev oktyabrın 31-də Gəncə hava limanına gəlib, gömrük sərhədindən keçib və Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

“Günelə getməyə icazə vermədilər”

Rahim Hacıyev Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub. Onun barəsində toplanmış cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Rahim Hacıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 30 may 2014-cü ildə Zaqatala rayonunun Fındıqlı kəndindən olan Günellə ailə həyatı qurub və bu nikahdan bir uşaqları var: “2-3 üç ildir ibadətlə məşğul olurdum, saqqal saxlayırdım. Suriyada gedən döyüşləri izləyirdim. Suriya prezidenti Bəşər Əsədin çoxlu günahsız insan öldürdüyünü düşünürdüm.

Həyat yoldaşım xəstə olduğu üçün onu Türkiyəyə aparmaq istəyirdim. Bu məqsədlə avtomobilimi satdım, İstanbula bilet aldım. Saat 6-7 radələrində Gəncə şəhərinə çataraq ilkin qeydiyyatdan keçdim. Daha sonra bizi səsgücləndirici vasitəsi ilə Gəncə hava limanının qeydiyyat otağına çağırdılar. Orada yoldaşım Günelin hamilə olduğunu dedilər və getməyə icazə vermədilər. Mənim gedə biləcəyimi təklif etdilər. Mən isə həyat yoldaşımı tək qoymayaraq polis əməkdaşları ilə birlikdə Şəki şəhərinə qayıtdım".

“Suriyada itkin düşmüş qardaşımı axtarmaq istəyirdim”

Məhkəmə araşdırması zamanı Rahim Hacıyev dəfələrlə ifadəsini dəyişib. Növbəti iclaslardan birində bildirib ki, Suriyaya itkin düşmüş qardaşını axtarmaq üçün getmək istəyib: “Lakin Gəncə hava limanında fikrimi dəyişərək biletləri qaytardım. Biletləri qaytardıqdan sonra polislər yaxınlaşaraq bir müddət məni gözlətdilər.

Polis əməkdaşları məni Şəki şəhərinə, polis şöbəsinə gətirdilər. Şöbədə məni yalan ifadə verməyə və imza atmağa məcbur etdilər.

Bundan başqa, ibtidai istintaq zamanı hüquqlarım kobud surətdə pozulub, vəkil xidmətindən istifadə etməyimə şərait yaradılmayıb. Arvadımı istintaqa cəlb edəcəkləri ilə məni şantaj ediblər, onu da həbs edəcəkləri adı ilə mənə psixi təsir göstəriblər. 85 gün sonra ailəmin şərəf və ləyaqətimi qoruyaraq Azərbaycanın ədalətli hakimlərinə inandım və müstəntiqin verdiyi sənədlərə imza etdim. Bundan sonra hüquqlarımı müdafiə etmək üçün qohumlarım tərəfindən müqavilə yolu ilə tutulmuş vəkillə görüş verdilər".

“Məqsədim Bəşər Əsəd qarşı döyüşmək olub”

Tez-tez fikirlərini təkzib edən Rahim Hacıyev sonda ifadəsini belə yekunlaşdırıb: “Məqsədim Suriyaya gedərək Bəşər Əsədə qarşı döyüşmək olub. Bu məqsədlə döyüşçülərə dərmanlar almışam. Pul toplamışam, döyüşlərdə iştirak üçün burada müxtəlif adamlarla əlaqəyə girmişəm. Lakin Gəncə hava limanında könüllü olaraq hərəkətlərimdən imtina etmişəm və polis əməkdaşları gələnə kimi Suriyaya getməkdən imtina etmişəm”.

Hakimlər məhkəmə araşdırması zamanı Rahim Hacıyevin ziddiyyətli ifadələrini araşdırıblar. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə tədqiq olunub.

İbtidai araşdırma zamanı Rahim Hacıyev göstərib ki, dinlə məşğul olandan sonra Suriyada gedən döyüşləri izləyib: “2014-cü ilin fevral ayında qardaşım Rəhmanın Suriya döyüşlərində dünyasını dəyişdiyini eşitdim. Qardaşımın ölümü mənə çox pis təsir etdi, onun ölüb-ölmədiyini, qəbrinin harda olduğunu dəqiqləşdirmək üçün Suriyaya getmək qərarına gəldim.

Qardaşımın “odnoklassnik”dəki profilindən onun Suriyada olan vaxtda çəkilmiş fotoşəkillərini əldə etdim. O bir neçə nəfərlə hərbi paltarda, silahlı formada şəkil çəkdirib profilinə yükləmişdi. Bəşər Əsədə qarşı vuruşmağı ibadət kimi qəbul edirdilər. Bu səbəbdən mən də Suriyaya gedərək oradakı haqsızlıqlara qarşı döyüşmək niyyətinə düşdüm".

“Bütün pul və qızılları özümüzlə götürdük”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 28 oktyabr 2014-cü ildə Suriyaya getmək qərarına gəlib, maşınını satıb: “2700 dollarlıq borcumu qaytardım, qalan 8660 dolları 271 manatla səfər üçün saxladım. Oktyabrın 31-də, gecə saat 3-4 radələrində arvadım Günellə gizlin evi tərk edəndə ögey bacım Röyaya kiçik bir kağız parçasında məsləhətlərimi yazıb qoydum.

Özümüzlə olan-qalan pullarımızı, qızıl-zinət əşyaları, pal-paltar, həm də çoxlu dərman götürdük. Eşitmişdik ki, Suriyada döyüşçülər dərman qıtlığından əziyyət çəkirlər, orada dərmana böyük ehtiyac var. Əvvəlcə İstanbula, oradan da Suriyaya getmək niyyətindəydim. İstanbul şəhərində məscidlərdən birinə gedərək tanış olacağım dindarların köməyi ilə Suriyaya keçməyi planlaşdırırdım".

Rahim Hacıyev bildirib ki, 2014-cü ilin yay aylarında Suriya döyüşlərində iştirak etmiş Aqillə internet vasitəsi ilə əlaqə saxlayıb: “Aqil mənə Suriyadakı döyüşlər barədə məlumat verdi. İŞİD tərkibində döyüşən hər bir ailəyə ayda 100 ABŞ dolları məbləğində pul verildiyini öyrəndm. Götürdüyüm pullara Suriyada özümə silah almağı da planlaşdırmışdım.

Suriyaya getdikdən sonra oradakı prosesləri izləyərək daha doğru yolda saydığım silahlı birləşməyə üzv olub, döyüşlərdə iştirak edəcəyimi, lakin haqsızlıqla üzləşəcəyim təqdirdə geri qayıdacağımı düşünürdüm. Türkiyədə ailəmi normal və təhlükəsiz yerə qoyduqdan sonra Suriyadakı qruplaşmalardan birinə daxil ola biləcəyimi yəqin etmişdim".

“Cahangir qalmağa yeri olmadığını söylədi”

Rahim Hacıyev qeyd edib ki, 30 oktyabr 2014-cü il tarixdə Şəkidəki aviakassadan öz adına, yoldaşına bilet alıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Suriyaya gedəcəyini arvadından başqa ailə üzvlərindən heç kim bilməyib: “Bunu ailə üzvlərimdən gizlətməyimin əsas səbəbi getməyə mane olacaqları idi. Həyat yoldaşım mənimlə razıydı, onu Türkiyə ərazisində saxlayacaqdım. Bu işlərdə Aqilin mənə köməyinə ümid edirdim.

Saat 6-7 radələrində Gəncə şəhərinə çatdıq, ilkin qeydiyyatdan keçdik. Səsgücləndirici vasitəsi ilə bizi hava limanının qeydiyyat otağına çağırdılar. Orada yoldaşının hamilə olduğunu səbəb göstərərək, ona getməyə icazə vermədilər. Mənə isə istəsəm, gedə biləcəyimi təklif etdilər. Mən artıq hər şeyin aşkar olduğunu anlayaraq peşman oldum, yoldaşını tək qoymayaraq polis əməkdaşları ilə birlikdə Şəki şəhərinə qayıtdim".

“Məlumat gəldi ki, qaynım Suriyada ölüb”

Şahid qismində ifadə verən Günel Aydınova bildirib ki, təqsirləndirilən Rahim Hacıyev onun əridir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib və bildirib ki, Rahimə ərə gələndə qaynı evdə yaşamırmış: “Deyirdilər ki, qaynım Rusiyadadır. Bir müddət sonra bildim ki, qaynım Rəhman Suriyadadır. Sonra məlumat gəldi ki, Suriyada ölüb.

Rahim evdə hərdən deyirdi ki, itkin qardaşı Rəhmanı axtarmaq istəyir. Qayınatam Sədi də onun fikrini dəstəkləyirdi. Ərimlə Suriyaya qaynımı axtarmaq üçün getmək istəmirdim. Anam qonaq gələndə hər şeyi ona danışdım. Mənim Rahimlə Suriyaya getməyimə o da razı deyildi. Hamilə olduğum üçün Gəncə şəhərinə gedərkən halım pisləşdi, mənə təyyarəyə minməyə icazə vermədilər. Sonra ərim də getməkdən imtina etdi".

Məhkəmənin hökmü ilə Rahim Hacıyev 13 il ə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rahim Hacıyevin vəkili Elman Osmanov apelyasiya şikayəti verib. Vəkil şikayətində Rahim Hacıyevin günahsız olduğunu əsas gətirib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkilin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya prosesində təqsirləndirilən şəxsin müdafiəçisi Elman Osmanov şikayətə uyğun izahat verib.

Sonda müşavirə keçirən hakim kollegiyası qərarı elan edib. Rahim Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər