Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Asif Yusiflinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Asif Yusiflinin kasasiya şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 ay azaldılıb.
Xatırladaq ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü A.Yusifli Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilib. Ona qarşı ittiham zərərçəkən Fəridə Zülfüqarovanın şikayəti əsasında irəli sürülüb. A.Yusifli F.Zülfüqarovanın 6500 manat pulunu mənimsəməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənim hökmünü Bakı Apelyasiya Məhkəməsi 2015-ci il oktyabrın 9-da çıxardığı qərarla qüvvəsində saxlayıb.
Hacı Zeynalov