19 May 2016 16:14
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman İsazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin avqustun 20-də, saat 09 radələrində Qəbələ şəhərində rayon sakini Rəhman İsazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Aysel Şəriflini vurub. Nəticədə Aysel Şərifli xəstəxanaya yerləşdirilib və avqustun 21-də orada ölüb.

Rəhman İsazadə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman İsazadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rəhman İsazadə apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Rəhman İsazadənin apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rəhman İsazadənin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Aysel Şərifli orta məktəb müəllimi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər