3 İyun 2016 12:26
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ağa Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ağa Namazov 3 sentyabr 2015-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı avtomobillə Abşeron rayonu Novxanı qəsəbəsində yol hərəkəti qaydasını pozub. O, Novxanı-Binəqədi avtomobil asfalt yolunda yolu keçən 1988-ci il təvəllüdlü Cabir Həkimovu vurub. Cabir Həkimov aldığı xəsarətdən xəstəxanada tibbi yardım alıb.

Ağa Namazov Cinayət Məcəlləsinin 263-1.2-ci (ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma) maddəsi ilə ittiham edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Ağa Namazov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Cabir Həkimovun nümayəndəsi, vəkil Ceyhun Yusifov apelyasiya şikayəti verib. Vəkil Ağa Namazovun barəsində 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnən cəza təyin edilməsini, həmçinin də mülki iddialarının təmin olunmasını istəyib.

Cabir Həkimov təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb. Cinayət nəticəsində ona vurulmuş mənəvi ziyana görə 10000 manat, əldən çıxmış faydaya görə 18900 manat, cəmi isə 28900 manatın təqsirləndirilən şəxsdən tutulub və ona ödənilməsini xahiş edib.

Mülki iddiada qeyd edilib ki, o, taksi fəaliyyəti ilə məşğul olub və ayda 1350 manat pul qazanıb. Qəza zamanı alınmış xəsarətlərin nəticəsində o, əmək qabiliyyətini itirib və 14 ay işləmədiyi üçün 18900 manatı əldən çıxıb.

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Hakim heyəti sonda apelyasiya şikayətinin dəlillərini araşdırıb və apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Ağa Namazov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər