Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəydən müsahibə alarkən bizə təəssüf hissi ilə belə demişdi: “Kaş qardaşım Mustafa Kamalla tanış olsaydınız. Bir şeir kitabı vardı. Anamla atam adını Mustafa Kamal qoymaq istəyiblər, Əhməd bəydən soruşublar. Əhməd bəy də “əlbəttə, mütləq qoyun” deyib. Mustafa Kamalla "Ağaoğlu” yayın evini qurmuşduq, əsas işləri o görürdü”.
Mustafa Kamal Atatürkün adaşı, Əhməd bəy Ağaoğlunun şair nəvəsi 7 fevral 1939-cu ildə doğulub.
Babası Azərbaycan və Türkiyənin tanınmış siyasətçisi, mütəfəkkiri, atası Səməd Ağaoğlu ədəbiyyatçı, siyasətçi, sonralar Menderes hökumətində yüksək vəzifə sahibi, qardaşı Tektaş Ağaoğlu gənc yaşlarından siyasi fəaliyyətlə, yazarlıqla məşğul olan bir şəxs idi.
Bibiləri Sürəyya Ağaoğlu və Tezer Ağaoğlu da Türkiyənin məşhur qadınlarından idilər. Sürəyya xanım vəkilliyi ilə, Tezer xanım isə millət vəkilliyi və məktəb müdiri kimi tanınırdı. Anası Nəriman xanım isə Türkiyənin Manisa şəhərindən millət vəkili idi.
Mustafa Kamal belə bir mühitdə böyümüşdü.
1950-ci ildə Ankara Maarif kollecini, 1954-cü ildə Ankara Atatürk liseyini, 1958-ci ildə Eskişehir liseyini bitirib. Hüquq fakultəsinə daxil olsa da, təhsilini tamamlamayıb.
1962-ci ildə qardaşı Tektaş Ağaoğlu ilə birlikdə “Ağaoğlu” nəşriyyatını qurub, sol yönümlü xeyli kitablar çap edib. “Yazko ədəbiyyat”, “Somut” jurnallarında yazıları çap olunub, bir neçə sənət qurumunun yaradıcısı olub.
Babasından, atasından, qardaşından fərqli olaraq aktiv siyasi fəaliyyətdə olmayan Mustafa Kamal sağlığında “Nüzüllü şiirler” adlı kitab çap edib.
Tektaş bəyin xanımı Əzəl xanım onun haqqında bizə belə demişdi: “Mim Kaf Ağayevin, yəni Mustafa Kamalın kitabı çox gözəl, duyğulu idi. Tektaş bir gün ona dedi ki, niyə yenə kitab çap etmirsən. Ürəyim ağrıyır, yazarkən çox üzülürəm, ona görə istəmirəm dedi”.
Mustafa Kamalın kitabı 1997-ci ildə “Yapı Kredi Yayınları” tərəfindən çap edilib.
Kitabında qəribədir ki, Mustafa Kamal Ağaoğlu imzasından deyil, adının baş hərflərindən və babasının soyadından istifadə edib. Yəni Mim Kaf Agayef (Ağayev).
Türkiyə ədəbi mühitində qəribəlikləri ilə tanınırdı. Türkiyədə ilk kommuna həyatı yaşayan şəxs kimi tarixə düşüb. Belə ki, 1970-ci illərdə heç kimin tanımadığı Gölköy ərazisinə gedərək orada kommuna həyatı yaşayan ilk topluluğu qurub.
Həyatı boyunca dəfələrlə evlənib, ətrafında xeyli qadınlar olub. Buna görədir ki, kitabını ithaf etdiyi şəxslər arasında “bütün həyat yoldaşlarıma və bütün sevgililərimə” ifadəsi də var.
Ömrünün sonlarında ağciyər xərçəngi və iflic olan Mustafa Kamal buna görədir ki şeir kitabının adını “Nüzullu şiirler” qoyub. Yəni “İflicli şeirlər”.
Mustafa Kamal Ağaoğlu 20 oktyabr 1999-cu ildə vəfat edib. Fəriköydəki ailə məzarlığında dəfn edilib.
Mim Kaf Ağayev Şuşadan başlayan İstanbulda bitən mühacir Ağaoğlu ailəsinin ən qəribə nümayəndəsi kimi tarixə keçib.