3 Oktyabr 2019 21:39
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən azərbaycanlı milli kimliyinin, Azərbaycan dilinin ictimai-siyasi nüfuzunun yüksəlməsinə çalışmış, xalqımızın vahid millət kimi formalaşması, doğma dilimizin işləklik qazanması, onun dövlət dili kimi yüksək statusa sahib olmasını təmin etmək üçün məqsədyönlü addımlar atmışdır. Məhz onun şəxsi təşəbbüsü ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ilk dəfə dilimiz dövlət dili kimi rəsmiləşdirilmişdir. Bu, dövlətçilik tariximizdə, dilimizin dövlət dili statusu sahəsində aparılan mübarizələrdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan ən möhtəşəm, böyük qələbələrdən biridir.

Bildiyimiz kimi, dilin cəmiyyətdəki mövqeyi xalqın formalaşması, milli dövlətçiliklə birbaşa bağlıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu cəmiyyətin həyatı və milli dövlətçiliklə bilavasitə bağlı olduğu üçün, dövlətin əsas atributlarından biri sayılır. Ona görə də ana dilimizin dövlət dili statusu Konstitusiyada təsbit olunduqdan sonra dövlət idarəçiliyinin müxtəlif sferalarında, sosial-iqtisadi həyatda fəaliyyət dairəsi də genişlənməyə başladı. Bildiyimiz kimi, Sovet İttifaqında aparıcı rəsmi dil rus dili idi və müttəfiq respublikaların öz milli dillərindən təhsildə, dövlət idarəçiliyində istifadə etmək hüququ olsa da, rus dilinin hegemon statusu yerli dillərin inkişafı qarşısında müəyyən maneə idi. Lakin məhz Heydər Əliyevin təşəbbüsləri nəticəsində SSRİ-nin tərkib hissəsi olan respublikamızda Azərbaycan dili real olaraq rəsmi dil statusu qazandı, onun hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldı, milli məktəblər, ali təhsil müəssisələri, mətbuat, ədəbiyyat, teatr, televiziya, kino, kitab nəşri geniş vüsət aldı. Bütün bunların təsiri ilə, təbii olaraq, azərbaycanlı milli kimliyi də bərkiyib-möhkəmləndi, cilalandı, yeni, özünəməxsus, tarixi, coğrafi, mədəni, mənəvi, polietnik çalarlarla zəngin keyfiyyət qazandı.

SSRİ-nin dağılması fonunda onun tərkib hissələri olan respublikalarda milli azadlıq hərəkatları başlayanda Azərbaycan xalqının bu prosesdə fəal iştirakı, hətta “ən mübariz xalq” adını qazanmasının əsasında da məhz respublikamızda aparılan milli siyasət amili dayanırdı. Artıq bir millət kimi formalaşmış azərbaycanlılar nəinki Sovet İttifaqındakı türkdilli və müsəlman, hətta xristian-slavyan və digər respublikalar arasında iki xalqdan biri kimi tanındı. Bizim adımız o zaman milli-azadlıq hərəkatının ən fəal xalqı sayılan litvalılarla qoşa çəkilirdi.
Mübariz, öz köklərinə bağlı, özünü dərk edən bir millət kimi formalaşmış xalqımızın apardığı azadlıq mübarizəsi bəhrəsini verdi və məntiqi sonuca vardı. Biz müstəqil dövlət olduq, adımızı dünyanın azad xalqları siyahısına yaza bildik, milli atributlarımızı bərpa etdik.

Müstəqillik dövründə bir çox məsələlər, dövlət atributları kimi, xalqımızın milli kimliyi, adı, dilimizin necə adlandırılması da qızğın müzakirə olunurdu. Əslində müzakirə olunmalı bir şey yox idi, çünki qədim dövrlərdən formalaşan, tarix boyu mətinləşən milli kimliyimiz də bəlli idi, xalqımızın, dilimizin adı da. Lakin təəssüflər olsun ki, bəzi səbatsız, ictimai-siyasi fəhmdən, müdriklikdən məhrum, xəyalpərəst insanlar və dairələr hesab edirdilər ki, bayrağımız və himnimiz kimi, xalqımızın və dilimizin adı da dəyişdirilməlidir. Ümumiyyətlə, sovetdən qalma hər şeyi ağına-bozuna baxmadan tərsinə çevirmək yolu seçilmişdi. Ən pisi də o idi ki, bu ideyanın arxasında məhz o zamanın AXC-Müsavat hakimiyyəti dayanırdı. Onlar hətta 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin elan etdiyi “azərbaycançılıq” milli-ideoloji xəttini gözardı edərək, “türkçülük” siyasi-ideoloji istiqamətinə üstünlük verdilər. Parlamentdə 28 nəfərin səsverməsi ilə qısa zamanda dilimizin və millətimizin adının dəyişdirilərək “türk dili” və “türk milləti” adlanmasına qərar verildi.

Kiçik bir qrup, müəyyən xarici qüvvələrin təsiri altında olan ultra-millətçi zümrə, tarixə və siyasətə idealist-romantik baxışları ilə seçilən həvəskar gənclər istisna olunmaqla, Azərbaycan xalqı bu qərarı, təbii olaraq, xoş qarşılamadı. Özünü azərbaycanlı kimi duyan, dərk edən insanlar istər-istəməz düşündülər: “türk” adında başqa bir millət var, onlar bizə qardaş xalqdırlar, onlarla dil, din yaxınlığımız, bənzərliyimiz var, ortaq mental, mədəni-mənəvi dəyərlərimiz də yox deyil, ancaq biz eyni deyilik, çoxlu özünəməxsusluqlarımız, fərqli cəhətlərimiz, keyfiyyətlərimiz, məziyyətlərimiz var.

Əgər özümüz fərqliyiksə, dilimiz fərqlidirsə, deməli, adımız da fərqli olmalıdır. Bir də ki, biz adsız deyilik axı, öz adımız ola-ola niyə başqasının (qardaşımız olsa belə) adını götürməliyik? Hətta sadə azərbaycanlılar düşünməyə başladılar ki, “türk” adlandıqdan sonra özlərini məhz Türkiyədə yaşayan qardaşlarımız kimi aparmalı, onlar kimi danışmalıdırlar. Yəni məsələn, danışanda “bəli” əvəzinə “evet”, “gedirəm” əvəzinə “gidiyorum” deməlidirlər.

Bu məsələ, əlbəttə, azərbaycanlıları ciddi narahat edirdi; özü də təkcə talış, ləzgi, kürd, avar, udin və s. qeyri -türk mənşəliləri deyil, türk əsilliləri də. Narahatlıq əsassız deyildi və siyasi hakimiyyətə qarşı münasibətdə açıq şəkildə ifadə olunurdu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra xüsusi diqqət yetirdiyi vacib məsələlərdən biri də bu oldu. Çünki Azərbaycan xalqının birliyini, bütövlüyünü təmin etmədən, onun müvəqqəti də olsa zəiflədilən özünəinam duyğusunu bərpa etmədən, digər siyasi, sosial-iqtisadi problemləri, müdafiə məsələlərini həll etmək, dövlət quruculuğunda, təhsildə, mədəniyyətdə islahatlar aparmaq, inkişafa nail olmaq mümkün deyildi.

Ümummilli liderimiz Heydər Əliyevin o zaman etdiyi tarixi çıxış çoxlarımızın xatirindədir. O ilk növbədə “azərbaycançılığı” ön plana çəkərək xüsusi vurğuladı, ermənilərin milli kimliyimizi etiraf etmək istəmədiklərinə, bizi “köçəri” adlandırdıqlarına diqqət çəkdi. O qeyd etdi ki, “millətimizin azərbaycanlı kimi böyük, qədim tarixi var. Bizim dilimiz Azərbaycan dilidir.” Ulu öndər AXC-Müsavat hakimiyyətinin dilimizin adını dəyişdirib, “türk dili” etməsini haqlı olaraq “böyük səhv” adlandırdı. “Bəli, biz türkdilli millətlərə aidik, bizim əcdadlarımız birdir, ancaq türkdilli xalqlar sonradan şaxələniblər və ayrı-ayrı millətlərə çevriliblər, hər birinin də öz dili var; özbəyin də, qazağın da, qırğızın da, tatarın da, uyğurun da… Məsələn, mən özbək dilini müəyyən qədər başa düşə bilərəm, bundan artıq mümkün deyil, ancaq bizim dilimizin kökü birdir, biz millət kimi də eyni kökdənik” .

Ulu öndər Heydər Əliyev bu son dərəcə mənalı, qısa tarixi çıxışı ilə millətimizin və dilimizin elmi tərifini verdi, həm keçdiyimiz tarixi-mədəni yola işıq saldı, həm də ən düzgün siyasi istiqaməti bəlirləyərək, xalqımızın əbədi var olması üçün uzaqgörən strateji bir yol xəritəsi cızdı.

Heydər Əliyev nə demək istəyirdi və həm müasirlərinə, həm də gələcək nəsillərə hansı müdrik tövsiyələri verirdi:

Azərbaycanlı olmaq bizim üçün Tanrının, tarixin və müəyyən mənada taleyin qismətidir. Bu adın arxasında, altında, içində, fonunda, əhatəsində, dərinliyində nələr var: ilk növbədə zəngin bir tarixi keçmiş, dünyada tayı-bərabəri olmayan çoxrəngli bir mədəniyyət, bənzərsiz musiqi, ritm, rəqslər, şirin ləhcələri olan dil, bu dildə yaranan ədəbiyyat, poeziya, bu dilin, ədəbiyyatın, mədəniyyətin formalaşdırdığı, öz məziyyətləri, duyğuları, bənzərsiz milli xarakteri olan azərbaycanlı şəxsiyyəti, kimliyi.

Heç kəsin bütün bunları biz azərbaycanlıların əlindən almaq haqqı yoxdur və buna kimsənin gücü də yetməz. Biz yalnız azərbaycanlı olaraq, bu dildə danışarkən, yazarkən qürurlu, yenilməz, əyilməz güclü ola bilərik, buna görə də əbədi olaraq belə qalmalıyıq. Bəli, biz daim inkişaf etməli, müasir dünya ilə ayaqlaşmalı, elmi-texniki tərəqqidən, qlobal sivilizasiyadan geri qalmamalıyıq, ancaq bütün bunlar azərbaycançılığımıza xələl gətirməməlidir.

Böyük öndərin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12 də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit (21-ci maddə) olundu.

Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Amma əfsuslar olsun ki, bəzi soydaşlarımız, elə bizim kimi azərbaycanlılar milli dövlətçilik maraqlarımıza, bir azərbaycanlı olaraq özlərinə və hamımıza ziyanlı olan fikirlər səsləndirir, guya “elmi”, “məntiqi”, “siyasi” nəticələr çıxarmağa cəhd edirlər. Mən o insanları – həmvətənlərimi və qardaşlarımı qınamaq fikrindən uzağam. Onların arasında vətənini, xalqını, dövlətini sevənlər də var, amma xaricdən ölkəmizə yönəlmiş məkrli planları icra etməyə çalışanlar da, onların təsirinə düşənlər də.

Birinciləri bəlkə də, “balasını çox sevdiyindən yeyən pişiyə” bənzətmək, vətənini, millətini kor-koranə, düşünmədən, məsuliyyət hiss etmədən, gələcəyə baxmadan, yaxud onu görə bilmədən, yanlış görərək sevənlər adlandırmaq olar. İlk baxışda hər kəsin öz keçmişi, ulu babaları, tarixi adı ilə qürur duyması çox yaxşı və normaldır. Heç kəsə talış, ləzgi, kürd, türk babaları ilə fəxr etmək, tarixini, məhəlli dilini, fərqliliklərini yaşatmaq qadağan deyil və bunun üçün ölkəmizdə hər cür şərait var. Ancaq unutmaq olmaz ki, bizim bir xalq olaraq milli varlığımız, həmrəyliyimiz, gücümüz, təhlükəsizliyimiz Azərbaycan dövlətinə bağlıdır, odur ki, hər bir Azərbaycan vətəndaşı üçün onun milli kimliyi ilk növbədə azərbaycanlılıq, azərbaycançılıq milli ideologiyası, milli dilimiz, Azərbaycan ədəbi dili olmalıdır. Biz dövlətimizi və özümüzü məhz bunları qorumaq və yaşatmaqla saxlaya, gələcək nəsillərə ötürə bilərik.

Təəssüf ki, İrəvanda, Tehranda, Moskvada, Amsterdamda, Brüsseldə özünə rahatlıq tapmış və separatizmə yuvarlanmış keçmiş vətəndaşlarımız özlərinə dəstək qazanmaq üçün azərbaycanlı etnonimindən imtina edilməsi təşəbbüsü ilə çıxış etməkdədirlər. Buna bənzər təşəbbüslər oğuzəsilli bəzi azərbaycanlılar tərəfindən də səsləndirilir. Məsələn, “gəlin, siyahıyaalmada özümüzü “türk” kimi qeydə aldıraq” çağırışları eşidilməkdədir.

Bu tipli fikirlər, bəyanatlar və çağırışlar vahid, güclü, bütöv Azərbaycan dövlətçiliyi fəlsəfəsinə, ideologiyasına, Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa, ən nəhayət, milli maraqlarımıza, yumşaq desək, ziddir. Bəs azərbaycanlılar necə olsun, qardaşlar? Əgər talışəsilli separatçının, kürdəsilli PKK qafalıların, oğuzəsilli də başqa bir xarici dairənin səsinə səs verəcəksə, Azərbaycanı qoruyan, yaşadan, inkişaf etdirən azərbaycanlı qardaşlarından uzaqlaşacaqsa, onda bu dövlətin taleyi necə olacaq? Ara sıra ermənilərin “Azərbaycan layihəsini ləğv etmək” haqda açıq internet resurslarını dolaşan planları ilə də tanış olun. Böyük Turan, Böyük İran naminəmi “azərbaycanlı” və “Azərbaycan dili” terminlərindən imtina edirsiz, ya bilməyərəkdən o mənfur planamı dəstək verirsiz? Məncə, yaxşı-yaxşı düşünmək, ən azından praqmatik, rasional olmaq lazımdır. Bizim nicatımız, rifahımız və səadətimiz yalnız və yalnız Azərbaycan dövlətinə bağlıdır – türk əsillinin də, kürd əsillini də, talış əsillinin də, digərlərinin də…

Digər tərəfdən, hazırda dünyanın heç bir ölkəsində vətəndaşlar etnik kimlikləri ilə qeydə alınmır – nə İranda, nə Türkiyədə, nə də ABŞ-da. İndi bütün dünyada milli kimlik dedikdə vətəndaşlıq başa düşülür. Hərçənd etnonimimiz bəllidir-azərbaycanlı, linqvonimimiz də bəllidir-Azərbaycan dili.

İkincilər, yəni xaricdən ölkəmizə yönələn məkrli planları icra etməyə çalışanlar və onların təsirinə düşənlər də, nə qədər ki gec deyil, bu həqiqəti anlamalı, doğru yola qayıtmalı, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan dövlətinin inkişafı, çiçəklənməsi, güclənməsi üçün çalışmalıdırlar.
Başqa yolumuz yoxdur!


Müəllif: Nadir Qocabəyli