Emmanuel Jozef Sieyes (1748-1836) Böyük fransız inqilabının öncüllərindən biri idi. İnqilaba qədər abbat (ruhani) olmuşdu. 1789-cu ildə “Üçüncü silk nədir?” adlı məşhur məqaləsini yazdı və burada feodal-mütləqiyyət quruluşunun burjuaziya hakimiyyəti ilə əvəz olunmasının labüdlüyünü əsaslandırdı.
1789-cu ildə üçüncü silkin təmsilçilərindən biri olaraq Ali Ştata deputat seçildi. Onun təklifi ilə üçüncü silkin nümayəndələri özlərini 17 iyun 1789-cu ildə Milli Assambleya adlandırdılar. O, İnsan və vətəndaş hüquqları Bəyannaməsinin hazırlayanlardan biri oldu. Yakobin Klubunun yaradıcılarından biri idi. 1791-ci ildə Felyanlar Klubuna daxil oldu. Konventin üzvü kimi kral XIV Lüdovikin edamına səs verdi.
1794-cü il Termidorian çevrilişindən sonra Konstitusiyanın tərtibçilərindən biri oldu. Həmin Konstitusiya 1795-ci ildə Direktoriya rejimini qurdu. 1799-cu ildə Direktoriyanın üzvü oldu. Məşhur 18 brümer (9 noyabr) 1799-cu il çevrilişini aktiv hazırlayanlardan biri idi və nəticədə Napoleon və Role Dyükonun da daxil olduğu 3 müvəqqəti konsuldan biri oldu. 1802-ci ildə keçirilən ümumxalq səsverməsində ömürlük konsulluq qəbul olundu və Napoleon ömürlük birinci konsul seçildi.
18 may 1804-cü ildə Napoleon İmperator elan edilənədək Sieyes konsul vəzifəsində qaldı. 1816-cı ildə sürgün olundu və yalnız 1930-cu ildə Fransaya dönə bildi. Həmin Sieyeslə bağlı maraqlı bir aforizm var, bu girişi sadəcə onu tanıtım üçün yazdım.
Ən qarışıq siyasi təlatümlər dövrünü başını gilyotinin altından qoruyan, sonra da Napoleon kimi nəhənglə hər an ölüm risqi altənda yaşayan bu təcrübəli siyasətçidən soruşanda ki, sən bu təlatümlü illərdə nə ilə məşğul idin, maraqlı bir cavab verir:
“Yaşamaqla məşğul idim”. İndi koronavirus dövrü də siyasi çalarlarla əlaqəsi olmayan yalnız bir tələbi insanların qarşısında qoyub: “Yaşamaqla məşğul olmaq!”
Evdə qalın, bağda qalın, dağda qalın, harada qalırsınız qalın, Dünya Səhiyyə Təşkilatının da, hökumətimizin də istədiyi tələb konkretdir: “Yaşamaqla məşğul olun!”