3 Sentyabr 2017 12:41
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində sırf işim, sənətimlə əlaqədar fürsət düşərsə, hansısa xarici ölkəyə getmək istəyim var idi. Lakin belə tezliklə ABŞ-a getmək planımda yox idi. Bu üzdən tam ətraflı və real danışıqlar aparmağa üstünlük verdim.

Bu sözləri Teleqraf.com-a açıqlamasında kinorejissor Natiq Axund deyib.

O bildirib ki, çəkdikləri film amerikalılar tərəfindən çox bəyənilib və ünvanlarına xoş sözlər səsləndirilib:

“Öncə keçən il çəkdiyimiz Nik Vujiçiç haqda olan "Hüdudsuz" buktreylerini sosial şəbəkədən izlədilər və ünvanımıza xoş sözlər səsləndirdilər. “Hüdudsuz" treyleri ilk dəfə olaraq Bakıda keçirilən "Buktreyler" festivalının qaliblərindən olmuşdu.
Sonra ABŞ-dakı diaspor nümayəndəsi olan həmyerlimiz İsmayıl Əhmədov telefon vasitəsilə bir daha xoş təəssüratlarını bölüşdü və birbaşa bizimlə bu sahəyə aidiyyəti olan şəxslər arasında əlaqə yaradacağını bildirdi. Daha sonra bir neçə maraqlı gözləntilərinin olduğunu vurğuladı. Həmçinin bildirdi ki, orda filmə baxış zamanı gözləmədiyi nəticəni müşahidə edib. Belə ki, aidiyyəti olan şəxs, bu treyleri göz yaşları içində izləyib, çox təsirlənib, həmçinin komandamız üçün lazım olan şəraitin yaradılmasını, birgə işlər görmək istəyini və təkliflərini qeyd edib. Bu, çox sevindirici haldır. O üzdən bu istiqamətdə bizim də cəmiyyətimiz, insanlıq üçün önəmli olan müəyyən təkliflərimiz oldu. Sonra bu mövzularda çəkilən digər sosial filmlərimizi izlədilər".

Natiq Axund deyir ki, komandası üçün vətənpərvərlik, bəşəri mövzular həmişə önəm daşıyır:

"Bütün bunlar heç də o demək deyil ki, mən bu saat durub Amerikaya uçacağam. Həyat bizə bu işlərdə daha real, daha dəqiq və zəmanətli olmağı öyrətdi. Ona görə də həm bizim, həm də onlar üçün ana xətti Amerika və Azərbaycan olmaqla dəyərli bir ideyaya xidmət edən layihəyə müraciət etməyi qərara aldıq. Düşünürəm ki, bu addım bizim Amerikadakı fəaliyyətimizə gözəl zəmin yarada bilər. Hazırda mövzu ilə bağlı ümumi müzakirələr gedir”.


Müəllif: Könül