Haqqında çox eşidib, barəsində çəkilən filmlərə çox baxmışam. "Düşüncə"sinə dalıb, "Bakı gecələri"ndə gəzişib, "Mart"da yaşayıb, "Təhnalıq"la barışıb, "Fantaziya"sında saysız-hesabsız xəyal qurmuşam. "Görəsən "Bayatı-Şiraz" hansı əhvalın məhsuludur", - dediyim vaxtlar da olub. Amma onun yaşadığı evdə olmaq, ifa etdiyi ilk pianinonun dillərinə toxunmaq, plastinkalarına, sevdiyi radiosuna acgözlüklə baxmaq, fərqli stilli, saç düzümlü, gah müasir, gah əsl Azərbaycan kişisini anladan fotolarından boylanan Vaqifi salamlamaq başqa duyğudur.
Adını Səməd Vurğun verdi…
Bura İçəri Şəhərdə yerləşən Vaqif Mustafazadə küçəsi 4, mənzil 9-da yerləşən caz-muğamın banisi, görkəmli bəstəkar və pianoçu, əməkdar artist Vaqif Mustafazadənin ev muzeyidir. 1940-ci ilin martın 16-da, musiqiçi ailəsində dünyaya bir oğlan göz açır. Ona Səməd Vurğun ad qoyur - Vaqif. Səməd Vurğun ailənin dostu olub. "Bir Vaqifimiz var, (oğlu, sonralar Vaqif Səmədoğlu kimi tanıyacağımız şair – red) bir Vaqifimiz də olsun", - deyib. Vaqiflər arasındakı yaş fərqi cəmi bir il olub. Sonralar dost olur Mustafazadə ilə Səmədoğlu Vaqif. Sabir bağında saatlarla oturub söhbət edər, meyxana deyərlərmiş. Deyilənə görə, Vaqif Mustafazadə meyxana deməkdə əməlli-başlı ad çıxarıbmış.
Dahinin sevimli radiosu
Bələdçi Leyla xanım Vaqif Səmədoğlunun muzeyə ziyarəti zamanı çəkilmiş fotusunu göstərir. Vaqifin musiqiyə sonsuz sevgisi anasından, ailəsindən qaynaqlanırdı. Anası Zivər xanım Üzeyir Hacıbəyovun tələbələrindən olub. Atası Əziz Mustafazadə hərbi həkim olsa da, tarda, kamançada gözəl ifa etmək qabiliyyəti ilə seçilib. Atası İkinci Dünya müharibəsinə hərbi həkim kimi yollanıb. Bu səbəbdən balaca Vaqifin bütün qayğıları anası Zivər xanımın üzərinə düşüb. Musiqi təhsiliylə də Zivər xanım məşğul olur.
Muzeyin "Qonaq otağı"na girərkən, tam sağda rəssam Asəf Cəfərovun Vaqif Mustafazadəyə həsr etdiyi rəsm əsəri göz oxşayır. Otaqdakı stol arxasında o vaxtlar görkəmli musiqiçilər, xarici qonaqlar, mədəniyyət xadimləri yığışarmışlar. Burda Vaqifin ən çox sevdiyi radiosu, ifa etdiyi ilk pianino, maqnitafonu, plastinkaları və digər əşyaları var. Radiosunu xüsusilə sevirdi. O bu radioda sevdiyi musiqilərə qulaq asar, "Amerikanın səsi" radiosunun proqramını həsrətlə gözləyər, məşhur cazmen Villes Konoverin söhbətlərinə doymazdı. Zaman keçəcək, Vaqif məşhurlaşacaq, hətta Konoverlə şəkil çəkdirəcək. O şəkil ki, illər sonra biz həmin o tarixi görüşün fotosunu bu evin divarında görəcəyik. Zaman başqa bir hadisəyə də şahidlik edəcək – Vaqifin qəfil ölüm xəbərini ilk olaraq elə Konover bütün dünyaya çatdıracaq.
Dünya musiqiçiləri içində birinci, hədiyyə royal
Vaqifin ilk pianinosuna toxunuram. Qəribə hislərdir. Nəsə ifa etməyə də çalışıram, bacarmıram, amma dayanmıram da... Pianinonun əsl sahibi Zivər xanım idi. İndi muzeyə gələn hər kəs bu pianinoda sərbəst ifa edə bilər. Necə ki, vaqifsevərlər bunu həvəslə edirlər. Bələdçi xanımın sözlərinə görə, Vaqif Mustafazadənin bir pərəstişkarı Moskvadan Bakıya gələrək öz doğum gününü muzeydə qeyd etmək istəyib. Doğum günü birinci günə təsadüf etməsinə (muzey həmin gün işləmir – red) baxmayaraq, onun istəyini həyata keçiriblər. Vaqifin bir neçə pianinosu olur. Birini də müsabiqədə qazanıbmış. Necə? Deməli, 1978-ci ildə Monakoda Beynəlxalq Musiqi Festivalı keçirilir. Şərtə görə müsabiqəyə göndərilən əsərlərdə nə ölkənin, nə də iştirakçının adı yazılmalı deyildi. Münsiflər heyətinə professionallar cəlb olunur. Vaqif həmin müsabiqəyə "Əzizəni gözləyərkən" əsəriylə qoşulur. Və neçə ölkənin namizədi içərisində birinci yerə layiq görülür. Ona ağ royal hədiyyə olunur. Hazırda həmin royal Əzizə Mustafazadədədir.
İkinci dəfə ailə qurandan sonra…
Pianinonun arxasındakı divarda Vaqifin uşaqlıq, gənclik, qohum-əqrəbalarının, dostlarının fotaları asılıb. Üç pəncərə arasındakı divarda isə Mustafazadənin festivallarda, konsertlərdə sənət dostlarıyla və qrupları olan "Sevil", "Leyli" ansamblları ilə çəkdirdiyi şəkillərə rast gəlirik. Muzey divarları demək olar bütünlüklə fotolarla əhatə olunub. Bələdçi Aytac xanım "Hamı Vaqif müəllimin əşyaları, kostyumları ilə maraqlanır, amma o əşyaların heç biri muzeydə saxlanılmır. Vaqif müəllim ikinci dəfə ailə qurandan sonra yoldaşı Elza xanımla Nizamı (Tarqovı) küçəsindəki evdə yaşayırlar. Bütün əşyalarını - kostyumlarını, notlarını özü ilə aparıb. Ev sonralar satıldı, əşyaları isə yoldaşında qaldı", - deyə bildirdi.
Ölüm kağızı, pasport, dəftərlər
Muzeyin ikinci otağına – sənətkarın "kabineti"nə doğru addımlayırıq. Divardan diplomları, ölüm kağızı və rus rəssamı Nikas Safranovun qara qələmlə çəkdiyi rəsm əsəri asılıb. Kabinetdə divar içi sol rəfdə haqqında qazetlərdə yazılmış məqalələr, jurnallar, rəssam Namiq Zeynallıya aid portret var. Divar içi sağ rəfdə Vaqif Mustafazadəyə və onun atasına aid olan medallar, fəxri diplomlar və kimliyini sübut edən pasport, dəftərləri və rəssam Gündüz Hunlara aid kətan üzərində yağlı boyayla işlənmiş "Düşüncə" əsəri asılıb. Kabinetin böyük divarında afişalar, anası Zivər xanımın muzeydə çəkdiyi fotolar, qruplarıyla məşq zamanı və qohumlarıyla çəkdirdiyi şəkillər üstünlük təşkil edir. İlk ailəsi, nikah fotosu kabinetin sol divarından asılıb. Vaqif Mustafazadənin birinci xanımı - Nərminə xanım və qızı Lalə Mustafazadənin də şəkilləri həmin divardadı. Vaqif çox gənc yaşlarında evlənir. O zaman hələ Asəf Zeynallı adına Bakı Musiqi kollecini bitirib Konservatoriyaya yenicə qəbul olmuşdu. Nərminə isə Neft Akademiyasında oxuyurdu. Biri-birini sevibən ailə qururlar. Nikah mərasimləri isə Səadət Sarayında baş tutur. Mərasimdən sonra pilləkənlərdə çəkilən foto da divardakı fotolar arasındadır. Bu evlilik qısa olur. Deyilənə görə, Nərminə xanımın qısqanclığı evdə mübahisələrin yaranmasına səbəb olur, üstəlik Vaqifin Gürcüstan səfəri münasibətlərin sonunu gətirir. Ayrılırlar. Qızları Lalə xanım hazırda Fransada yaşayır, orda konservatoriyada işləyir, klassik musiqi ilə məşğul olur.
Elza Bandzeladze ilə nikah
Uzun müddət Azərbaycanda Vaqif qəbul olunmur, efirə buraxılmır, saçına, bığına etirazların sayı günü-gündən artır. Bütün bunlar Vaqifi yorur, bezdirir. 1965-ci ildə Gürcüstandan gələn çoxsaylı təkliflərin bircəciyini dəyərləndirib, Bakıdan gedir. Orda "Qafqaz" caz üçlüyünü yaradır. Daha sonra "Orero" ansamblına rəhbərlik edir. Gürcüstanda böyük uğurlara imza atır, hətta onu elə Gürcüstan sənətçisi kimi tanıyıb qəbul edirlər. İkinci həyat yoldaşı Elza Bandzeladze ilə də elə orda tanış olub ailə qurur. Bu evlilikdən qızı Əzizə dünyaya gəlir. Musiqiçi olan Elza xanım sonralar Vaqifin Bakıda yaratdığı "Sevil" vokal – instrumental qrupunda solist olur. Kabinetin sağ divarında Əzizənin uşaqlıq fotoları, pianino və atasıyla olan şəkilləri asılıb. Hazırda Əzizə anası və ailəsi ilə birgə Almaniyada yaşayır.
Bakıya qayıdışı, "Sevil" qrupu
İllər keçir, Vaqif Mustafazadə Bakıya qayıdır. O, burda əvvəl "Leyli" vokal kvartetini yaradır. 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" qrupuna rəhbərlik edir. Bu dəfə xalq Vaqifi də, yaratdığı, rəhbərlik etdiyi qrupları da sevir, qəbul edir. Buna baxmayaraq, Vaqifin işləri burda o qədər də rəvan getmir. 1979-cu ildə Daşkəndə - qastrol səfərinə Elza və Əzizə ilə birgə yola düşür. Orada böyük konsert proqramı ilə çıxış etməyə həvəslə hazırlaşan Vaqif başına gətirilən oyunun fərqində olanda bərk əsəbiləşir, dünyası qaralır. Sən demə, konsert barədə heç yerdə heç bir məlumat verilməyib, afişalar asılmayıb, sadəcə, son anda xəbər tutanlar özlərini konsert salonuna yetirə biliblər. Vaqif gələnlərə hörmətindən dolayı royal arxasına keçib ifaya başlayır. İçi təlatümlü, əsəbi, gərgin... Ürək dözərmi? Bu ürək ikinci dəfə bu ağır zərbəni qaldıra bilərmi? Bu yük ağır olur, dəhşətli olur... Ürək bu yükü daşıya bilmir və Vaqifi yarı yolda qoyur... Nəşini Bakıya gətirib Yasamal qəbiristanlığında dəfn edirlər.
Roker Vaqif
Muzeydə Zivər xanım Vaqifin məzarı başında çəkilən fotolarına, hətta oğluna həsr etdiyi şeirin əlyazması ilə də tanış olmaq olar. Bir il sonra Vaqifin nəşinin Fəxri Xiyabana köçürmək məsələsi gündəmə gələndə Zivər xanım buna razılıq vermir. Deyir, Vaqifin ruhunun incidilməsini istəmirəm. Vəsiyyətinə uyğun olaraq Zivər xanımı da Vaqifin yanında dəfn edirlər. Muzeyin dəhliz hissəsinin girişində Azad Zeynalova aid böyük heykəl yerləşdirilib. Vaqif Mustafazadə və qızı Əzizəyə aid olan afişalar asılıb. Dəhlizin sağ tərəfində yerləşən divarda müəllifi olan Ömər Eldarovun gipsdən hazırlanmış barelyef kompozisiyası asılıb. Muzeyin açılışında çəkilmiş foto qalereyalar, Caz mərkəzində, V.Mustafazadənin xeyriyə gecələrində çəkilmiş fotoları üstünlük təşkil edir. Bir foto da diqqətimizi çəkir, bələdçi xanım deyir ki, bu fotonu muzeyə bu il hədiyyə ediblər. Vaqifin roker stilində fotodan boylanır. Bu foto dəhlizin gözəgəlimli yerində olmasa da, digərlərindən kəskin fərqiylə seçilir.
Muzeyə çevrilən ev
Zivər xanımın otağını xəbər alıram. Dəhlizə açılan qapısını göstərirlər. Vaqif dünyasını dəyişəndən sonra Zivər xanım bu evi muzeyə çevirməyə qərar verib. O zamana qədər isə Zivər xanım evdə qonşularla bərabər yaşayıb. 1989-cu ildə, o zamankı mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri Zivər xanım olub. O, ölümündən bir müddət əvvəl muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Həmin ildən etibarən muzey nazirliyin balansında dövlət muzeyi kimi fəaliyyətə başlayıb.
Hazırda o otaq muzeyin direktor otağıdır. Hər il Vaqif Mustafazadənin doğum və anım günlərində bura qonaqlı-qaralı olur. Stol açılır, dostlar, əzizlər, doğmalar bir araya gəlib sənətkarı yad edirlər. Bələdçi xanım deyir ki, bura Eldar Mansurov, Vaqif Gərayzadə, Cavan Zeynallı, Fikrət Əmirovun oğlu Cəmil Əmirov, Yalçın Rzazadə tez-tez baş çəkirlər.
Nərmin Muradova
Elçin Murad